Oktyabrın 2-də Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov Strasburqda AŞPA-nın payız sessiyasında çıxışa başlayıb. Onun çıxışı Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə bağlıdır.
Elmar Məmmədyarov çıxışa başlayan kimi zalda etiraz səsləri eşidilib. AŞPA prezidenti Anne Brasseur zalda sakitliyə çağırıb. Ancaq bir qrup fəal aksiyanı sakitcə davam etdirib.
Məmmədyarov çıxışına Ukraynadakı böhrandan başlayıb. O deyib ki, Nazirlər Komitəsi sentyabrın 5-dəki atəşkəs sazişini alqışlayır.
Nazir ölkədə korrupsiya ilə mübarizədə aparılan işlərdən danışıb, bu mübarizənin ölkə üçün prioritet olduğunu vurğulayıb.
Məmmədyarov Nazirlər Komitəsinə sədrlik çərçivəsində sentyabrda keçirilən dini tolerantlıq konfransını xatırladıb. Nazir Azərbaycanın dini tolerantlıq göstəricilərinə görə öndə getdiyini bildirib.
4-cü Beynəlxalq Humanitar Forumundan danışan Məmmədyarov deyib ki, bu mötəbər tədbirə dünyanın bir çox ölkələrindən alimlər, dövlət xadimləri qatılır.