|
Hüquq müdafiəçisi İntiqam Əliyevin dörd vəkilindən üçü – Anar Qasımlı, Əlayif Həsənov və Fariz Namazlı onun müdafiəsindən kənarlaşdırılıb. Bu, vəkillərin onun işi üzrə şahid kimi cəlb olunması ilə bağlıdır.
Ə.Həsənov "Turan"-a bildirib ki, bu işə heç bir aidiyyatı yoxdur və şahid kimi keçməsinin səbəblərini bilmir.
“Mən hələ qərarı almamışam və hansı əsaslarla kənarlaşdırıldığımı bilmirəm. Qərarı aldıqdan sonra məhkəməyə şikayət edəcəm”, - o vurğulayıb.
“Bu oyunda məqsəd bizi İntiqam Əliyevin müdafiəsindən kənarlaşdırmaq, onun müdafiəsini zəiflətməkdir”, - öz növbəsində A.Qasımlı bildirib.
Hazırda İ.Əliyevin bir vəkili qalır – Cavad Cavadov.
Xatırladaq ki, İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.