|
Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin “Azərbaycanda demokratiyanın vəziyyəti” mövzusunda konfransında qətnamə qəbulm edilib.
Teleqraf.az Musavat.com-a istinadən qətnamənin mətnini təqdim edir:
1.Ölkədə demokratiya göstəricilərinin bütün parametrlər üzrə - əsas insan hüquq və azadlıqlarına əməl olunması, hakimiyyətin azad və ədalətli seçkilər vasitəsi ilə formalaşması, məhkəmələrin müstəqilliyi, ifadə azadlığı, hakimiyyət üzərində ictimai nəzarət, icra hakimiyyəti üzərində parlament nəzarəti, vətəndaş cəmiyyətinin inkişafı, hüquqi dövlət quruculuğu və digər sahələrdə vəziyyətin praktikasının və qanunvericilik bazasının sistemli, davamlı şəkildə şəkildə pisləşdiyi qeyd olunsun.
2. Hakimiyyət üzərində ictimai nəzarətin və bu nəzarəti təmin edə biləcək institut və müxanizmlərin , ifadə azadlığının, müstəqil medianın, parlamentdə real müxalifət fraksiyasının yoxluğunun, mülkiyyət toxunulmazlIğı, iqtisadi təşəbbüs azadlığına əməl olunmaması, haqsız rəqabət, korrupsiyaçı monopoliyalaşmanın, bütövlükdə antidemokratik meyllərin güclənməsinin ölkənin sosial- iqtisadi və mədəni – intellektual inkişafı yolunda getdikcə daha artan bir şəkildə başlıca maneəyə çevrilməsinə diqqət cəlb edilsin.
3. Əsas insan hüquq və azadlıqları sahəsində vəziyyətin pisləşməsi və nəicədə bunun Ermənistanın işğalçı siyasətində geniş istifadə edilməsi ölkənin milli təhlükəsizliyi, Qarabağ məsələsinin azərbaycan xalqı və dövlətinin qanuni maraq və mənafelərinə uyğun, ədalətli həlli üçün ciddi təhdid kimi dəyərləndirilsin.
4. Ölkənin çağdaş siyasi mədəniyyət və svilizasiya dəyərlərindən təcrid edilməsi, totalitarizmin milli rellıq və ənənələr pərdəsi pərdəsi altında təbliği, cəmiyyətdə qütbləşmə və düşmənçilik yaradılması cəhdlərinə ideoloji, psixoloji və sosial- siyasi - hüquqi müqavimət təşkil edilsin. Dövlətin mövcudluğunu şərtləndirən müstəqillik məsələsinə həssasiyyətin azaldılması şəraitində, müstəqilliyə aktual təhlükələrin və onun mənbəyi olan xarici qüvvələrin fəallaşması nəzərə alınaraq onların daxildəki 5- ci kolonu kimi çıxış edən dairələrə qarşı mübarizəyə xüsusi diqqət verilsin.
5. Vətəndaş cəmiyyətinə qarşı hücumların, repressiya və həbslərin ölkədə keyfiyyətcə yeni situasiya yaratdığına diqqət çəkilərək, antiavtoritar və hakim siyasi kursa tənqidi münasibətdə olan dairələrin yaxınlaşmasına nail olunması məqsədəuyğun hesab olunsun. Eyni zamanda nəzərə alınsın ki, yeni situasiya əsas insan hüquq və azadlıqlarının müdafiəsinin ağırlığını siyasi partiyaların öz üzərinə götürməsini diktə edir. Bu istiqamətdə önəmli addım olaraq siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində funksional əməkdaşlığa başlaması doğru addım sayılsın və digər partiyaların bu əməkdaşlığa cəlb edilməsi kursu davam etdirilsin. Bununla əlaqədar siyasi partiyaların yaranmış vəziyyəti müzakirə edərək yaxın, orta və uzunmüddətli dönəmdə qarşıda duran vəzifələri, o cümlədən 2014 və 2015- ci il yerli və parlament seçkilərinə münasibətini müəyyənləşdirən, azərbaycan cəmiyyətinin demokratik potensialına əsaslanaraq irticanın hücumunu dəf etməyə və situasiyanı demokratikləşmə istiqamətində dəyişdirməyə imkan yaradan birgə konsepsiyanın hazırlanmasının faydalı rol oynaya biləcəyi göstərilsin.
6. Milli Məclisə seçkilərdə proporsional əsasla seçki sisteminin tətbiqi də daxil olmaqla konstitusiyaya dəyişikliklər edilməsi, Seçki Məcəlləsində seçki komissiyalarının formalaşdırılması qaydaları və digər dəyişikliklər edilməsi məqsədi ilə referendum keçirilməsi üçün təşəbbüs qrupunun yaradılması və qanunvericilikdə nəzərdə tutulmuş digər hərəkətlərin başladılması müzakirə edilsin və həyata keçirilsin.
7.Siyasi və vicdan məhbuslarının dərhal həbsdən azad olunması, dövlətin güc və vasitələrindən istifadə edilərək iqtidarın opponenetlərinə, fərqli düşünən və siyasi müxalifətə qarşı təqiblərə son qoyulması tələb edilsin. Həbs və repressiyalara son qoyulması, demokratiya və insan haqlarına əməl edilməsi şüarları ilə siyasi partiyaların dinc kütləvi aksiyaların hazırlanması və həyata keçirilməsi istiqamətində iş aparılması lazım bilinsin.