“Avqustun əvvəlində erməni kəşfiyyat-təxribat qrupları Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqınlar edib, nəticədə Azərbaycan Ordusunun hərbçiləri həlak olub, ermənilər isə dəfələrlə çox itki verərək geri çəkilməyə məcbur olublar”.
Bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev jurnalistlərlə görüşündə deyib. R. Mehdiyev bildirib ki, bu hadisə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü, istənilən mürəkkəb vəzifəni müvəffəqiyyətlə icra etmək bacarığını əyani şəkildə nümayiş etdirməklə yanaşı, həm də hərbi əməliyyatların intensivləşməsi şəraitində cəmiyyətdə mövcud olan bəzi narahatedici məqamların qabarmasına şərait yaratdı: “Burada söhbət konkret olaraq bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet informasiya resurslarının Azərbaycan qanunlarının tələblərinə məhəl qoymadan, qeyri-peşəkar, bəzi hallarda isə ermənilərin maraqlarına uyğun fəaliyyətindən, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin yaranmış situasiyada milli maraqlara zidd, qeyri-adekvat davranışından gedir.
Bu gün də ayrı-ayrı “ekspertlər” Azərbaycan Silahlı Qüvvələrinin hərbi arsenalının say və texniki göstəricilərini mediada fəal müzakirə edir, KİV-lər ordunun ali komanda heyəti barədə şayiələr yayır, dövlətin hərbi sahədə siyasəti haqqında həqiqətə uyğun olmayan, qərəzli məlumatlar dərc edirlər. Məsələn, özünü “hərbi ekspert” kimi təqdim edən ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, vaxtilə korpus komandiri olmuş, hazırda isə xarici ölkələrdən birində yaşayan İsa Sadıqov qərəzli, heç bir əsası olmayan iddialarla çıxış edir, silahlı qüvvələri, onun rəhbərliyini hədəfə götürür, müstəqillik dövründə milli ordu quruculuğu sahəsində görülmüş işləri gözdən salmağa çalışır və öz açıqlamaları ilə düşmənin maraqlarına xidmət edirlər. “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və bir sıra digər KİV-lər onların qərəzli iddialarına geniş yer verir və bu tipli çirkin, antimilli fəaliyyətin iştirakçısına çevrilirlər.
Mən bugünkü toplantıda konkret ad çəkə bilərəm. Lakin düşünürəm ki, dəfələrlə Prezident Administrasiyasından xəbərdarlıq almış resursların rəhbərləri kimdən söhbət getdiyini başa düşəcəklər. Bəzi media qurumları Milli Orduda döyüş şəraitində həlak olmuş və ya yaralanmış hərbi qulluqçular haqqında məlumatların ictimailəşdirilməsi üzrə “ixtisaslaşıblar””.
R. Mehdiyev bildirib ki, bir sıra informasiya resursları bir tərəfdən Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilir, digər tərəfdən də düşmənin Azərbaycan əleyhinə apardığı mənəvi-psixoloji müharibəyə “töhfə” verərək həm əsgərlər, həm də əhali arasında çaşqınlıq, ruh düşkünlüyü yaranmasına səbəb olurlar: “2007-ci ildə təsdiq olunmuş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir. Buna görə də, formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşısı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, atılacaqdır”.