BAKI, 10 dekabr. TELEQRAF

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində "Kənd təsərrüfatı məhsullarının satışı bazarında" monitorinq aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, bu, 53-cü məhəllədə fəaliyyət göstərən "Fermerlər" MMC-yə məxsus olub.

Monitorinq zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları qeydə alınıb.

Belə ki, bazarda satılan süd və süd məhsullarının, ət və ət məhsullarının vitrin soyuducularda saxlanılmadığı, satışa təqdim olunan ət hissələrinin asılması üçün nəzərdə tutulmuş qarmaqların paslanmayan materialdan təşkil edilmədiyi, bəzi tərəvəzçilik məhsullarının birbaşa döşəmə üzərində saxlandığı, satışda olan müxtəlif növ turşuların üzərində etiket məlumatlarının olmadığı aşkarlanıb.

Nöqsanların aradan qaldırılması məqsədilə bazar sahibinə müvafiq göstərişlər verilib.