
BAKI, 15 aprel. TELEQRAF
Ötən ay dünya üzrə hasilat artımında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupuna aid olmayan ölkələrin rolu olub.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında qeyd edilib.
Bildirilib ki, mart ayında OPEC+ xaricindəki ölkələrin neft təklifi əvvəlki ayla müqayisədə sutkalıq 750 min barel artıb. Hava şəraiti ilə bağlı hasilat itkilərindən sonra bərpanın davam etməsi nəticəsində ABŞ və Kanada bu artımın sutkalıq 470 min barelini təmin edib. Norveç, Braziliya və Çində də hasilat artımları qeydə alınıb.
Eyni dövrdə OPEC+ qrupunun xam neft hasilatı isə sutkalıq 150 min barel azalıb. Səudiyyə Ərəbistanı və Küveytdə məhdud hasilat artımları İran və Venesuelanın təklifindəki azalmaları kompensasiya edə bilməyib.