BAKI, 18 aprel. TELEQRAF

18 Aprel — Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təşəbbüsü ilə 1983-cü ildə UNESCO tərəfindən təsis edilən bu günün əsas məqsədi abidələrin və tarixi məkanların qorunmasına diqqəti artırmaqdır. Ənənəyə uyğun olaraq, bu il də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə müxtəlif tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” günü elan olunaraq, vətəndaşların ödənişsiz şəkildə bu məkanları ziyarət etməsinə şərait yaradılıb.

Teleqraf xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə birgə “Azərbaycanın arxeoloji irsinin qorunması” mövzusunda elmi-praktik seminar təşkil olunub.

Seminardan əlavə, Qobustan qoruğunda media nümayəndələrinin iştirakı ilə media-tur da keçirilib. Tur zamanı jurnalistlərə qoruqda mühafizə edilən abidələrin qorunması, tədqiqi və təbliği istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev tədbir zamanı bildirib ki, 18 Aprel münasibətilə qoruda ziyarətçi sayı min nəfəri keçib:

“Bu bizi xüsusilə sevindirir ki, gələnlərin böyük hissəsini məktəblilər təşkil edir. Ələt qəsəbəsində yerləşən qüsurlu uşaqlar üçün də ekskursiya təşkil etdik. Onlar üçün xüsusi proqram hazırlanıb”.

Direktor həmçinin qeyd edib ki, bu günün əhəmiyyəti yalnız Qobustan qoruğu üçün deyil, bütövlükdə ölkənin tarixi abidələri üçün böyükdür:

“Məqsədimiz — abidələrimizin qorunması və bu işlərin daha geniş ictimaiyyətə çatdırılmasıdır. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin mədəni irsinin qorunmasına töhfə verməlidir”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin şöbə müdiri Səbuhi Bəşirov da tədbirdə çıxış edib. O bildirib ki, 18 Aprel günü hər il dünya üzrə olduğu kimi Azərbaycanda da böyük təbliğat işləri görülür:

“Keçən il COP29 layihəsi çərçivəsində 29 abidədə tədbirlər keçirilmiş və bu tədbirlər "Yaşıl Dünya naminə" şüarı altında reallaşdırılmışdı. Bu il də eyni ənənəni davam etdiririk. Tarix-mədəniyyət qoruqlarında, bəzi abidələrdə yerli icra hakimiyyəti ilə birgə təbliğat tədbirləri təşkil olunub”.