BAKI, 18 mart. TELEQRAF

Bu gün İlaxır çərşənbəsi günü "Gənclik" metrosunun yaxınlığında yaradılan yeni parkda möhtəşəm Novruz şənliyi keçirilib.

Teleqraf xəbər verir ki, bu yaxınlarda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən açılışı keçirilən yeni istirahət parkındakı şənlik parkın rəhbərliyi və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə təşkil edilib.

Bayram əhval-ruhiyyəsində, rəngarəng bəzədilmiş parkda xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb, gənc rəssamların rəsm əsərləri nümayiş etdirilib.Tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin müşayiəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar və çalğıçılar iştirak ediblər.

Tədbir zamanı mərkəzdə quraşdırılan səhnədə populyar incəsənət xadimləri ilə yanaşı rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, gimnastika üzrə nümunəvi çıxışlar olub.

Eyni zamanda çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib, Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Bayram tədbiri gün ərzində davam edəcək.