BAKI, 6 fevral. TELEQRAF
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyevə qarşı Moskvada sui-qəsd cəhdi edilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə Moskvanın Volokolamsk şosesində baş verib.
Şübhəli şəxs yüksək rütbəli zabit Vladimir Alekseyevə kürək nahiyəsindən bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. Ağır yaralanan general dərhal xəstəxanaya yerləşdirilib.
Hazırda sui-qəsdin baş verdiyi ərazidə xüsusi xidmət orqanları və İstintaq Komitəsinin müstəntiqləri işləyir. Ərazidəki videomüşahidə kameralarının görüntüləri araşdırılır və şübhəli şəxsin tutulması üçün paytaxtda xüsusi axtarış tədbirləri həyata keçirilir.
Vladimir Alekseyev 2011-ci ildən QRU rəhbərinin birinci müavini vəzifəsini tutur.
2017-ci ildə göstərdiyi xidmətlərə görə ona "Rusiya Qəhrəmanı" adı verilib.
O, bir çox strateji əməliyyatların və xüsusi hərbi tapşırıqların icrasına rəhbərlik edən şəxs kimi tanınır.