BAKI, 12 yanvar. TELEQRAF
Rusiya Müdafiə Nazirliyi "Oreşnik" raket sistemi ilə endirilən zərbə nəticəsində Ukraynanın Lvov Dövlət Aviasiya-Təmir Zavodunun sıradan çıxarıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.
Bildirilib ki, müəssisədə Ukrayna Silahlı Qüvvələrinə məxsus aviasiya texnikası təmir və texniki xidmətdən keçirilir, həmçinin pilotsuz uçuş aparatları istehsal olunurdu.
Yanvarın 9-na keçən gecə həyata keçirilən zərbə zamanı zavodun istehsal sexləri, PUA anbarları və zavod aerodromunun infrastrukturu da məhv edilib.
Qeyd olunub ki, "İsgəndər" operativ-taktiki raket kompleksləri və "Kalibr" qanadlı raketləri də daxil olmaqla həyata keçirilən kütləvi zərbələr çərçivəsində Kiyevdə iki müəssisənin istehsal gücləri, eləcə də Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən enerji obyektləri vurulub.