BAKI, 16 oktyabr. TELEQRAF
ABŞ pasportu tarixdə ilk dəfə dünyanın ən güclü pasportları siyahısının ilk onluğuna daxil olmayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Henley & Partners” şirkətinin hazırladığı "Henley Passport Index" hesabatında bildirilir.
Məlumata görə, ABŞ pasportunun 2014-cü ildəki birinci yerdən enməsi ölkənin qlobal mobillik və yumşaq güc sahəsindəki mövqelərinin zəiflədiyini göstərir.
“Açıq və əməkdaşlığa əsaslanan ölkələr irəliləyir, keçmiş üstünlüklərinə arxayın olanlar isə geri qalır”, - şirkətin rəhbəri Kristian Kalin bildirib.
ABŞ pasportunun reytinqdə geriləməsi Donald Tramp administrasiyasının miqrasiya siyasəti ilə əlaqələndirilir. Hesabatda qeyd olunur ki, Vaşinqton 12 Afrika, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkəsinin vətəndaşlarına viza verilməsini dayandırıb, 7 ölkəyə əlavə məhdudiyyətlər tətbiq edib və 36 ölkəyə səyahət qadağası ilə hədələyib.
Eyni zamanda, ABŞ Braziliya ilə viza azadlığını qarşılıqlı şəkildə ləğv edib, Çin və Vyetnamın yeni viza-sərbəst siyahılarına daxil edilməyib.
Hazırda ən güclü pasportlarına malik ölkələr siyahısında ilk yerləri Sinqapur, Cənubi Koreya, Yaponiya, Almaniya, İtaliya, İspaniya, İsveçrə və Lüksemburq, Fransa, Niderland, Finlandiya, İrlandiya və başqaları tutur.