
BAKI, 20 mart. TELEQRAF
Ermənilərin vətən və dövlət anlayışları arasında görünməmiş fərqlər var.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Çox uzun müddət, ən azı bir neçə yüz il bizim şüurumuzdakı vətənimiz nə olub? Vətənimiz Ermənistandı, amma dövlət fars idi. Vətənimiz Ermənistandı, amma dövlət Türkiyə - Osmanlı İmperiyası idi. Vətənimiz Ermənistandı, amma dövlət Rusiya İmperiyası idi. Məncə, burada müəyyən problemlər var. Mən bu problemləri belə müəyyən etmişəm: vətən nöqteyi-nəzərindən dövləti yad bir şey kimi qəbul edən relyef (coğrafiya) qavrayışı. Bizim reallığımızda görünməmiş bir şey var: vətən Ermənistandır, dövlət isə Kilikiya (Türkiyənin cənub-şərq əraziləri – red.).
Görün necə inanılmaz vəziyyətdəyik. Kilikiya erməni dövləti idi, amma burada da problem var, yenə vətən Ermənistandır, dövləti isə Kilikiya. Məncə, burada çat yaranıb. Müstəqillik əldə etdikdən sonra biz dövlətimizə eyni məsafə ilə yanaşırıq, yəni Ermənistan bizim vətənimizdir, amma dövlət sanki bizim üçün vətənimiz qədər əziz deyil”, - baş nazir bildirib.
Həmçinin Nikol Paşinyan əlavə edib: “Ermənistan Respublikasında vətəndaş “mən dövlətəm”, hökumət də vətəndaşa “sən dövlətsən” deməlidir”.
Paşinyanın söylədiklərindən belə anlaşılır ki, ermənilər Ermənistanı “vətən” kimi qəbul etsələr də, “dövlət” kimi Ermənistanı yox, Azərbaycan və Türkiyədə iddia etdikləri əraziləri qəbul edirlər. Yəni xülyalarında burada qurduqları “tarixi erməni dövlətləri”ni...
Xatırladaq ki, uzun müddətdir Paşinyanın irəli sürdüyü “Real Ermənistan” ideyası ölkəsində müzakirə mövzusudur. Paşinyanın bu konsepsiyasına görə, “Real Ermənistan” indiki Ermənistan sərhədlərini əhatə edir və qonşulara ərazi iddialarını istisna edir. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından gedir.
Kilikiya xəyali erməni dövlətidir. Ermənilər iddia edirlər ki, XI-XIV əsrlərdə bugünkü Türkiyənin cənub-şərq ərazilərində bu adda “dövlət”ləri olub.