BAKI, 20 may. TELEQRAF

Rusiyanın Ryazan Neft Emalı Zavodu ötən həftə Ukraynanın dron hücumundan sonra fəaliyyətini dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.

“Rosneft”ə məxsus zavod Rusiyanın ümumi neft emalının təxminən 5 faizini təmin edir.

Mənbələrə görə, 2024-cü ildə zavod 13,1 milyon ton neft emal edib, 2,2 milyon ton benzin, 3,4 milyon ton dizel yanacağı və 4,3 milyon ton mazut istehsal edib.

Ryazan vilayəti Moskvanın cənub-şərqində yerləşir, Ukrayna ilə sərhəddən 354 km məsafədədir.

Ukrayna Müdafiə Qüvvələri mayın 15-nə keçən gecə Rusiyanın Ryazan vilayətindəki neft emalı zavoduna zərbə endirib. Baş Qərargahın məlumatına görə, Ryazan Neft Emalı Zavodunun AVT-3, AVT-4, AT-6 emal qurğuları və dizel yanacağının hidrotəmizləmə qurğusu zədələnib.

Ryazan Neft Emalı Zavodu Rusiya Federasiyasının ən böyük neft emalı müəssisələrindən biridir və ordunu yanacaqla təmin edir.