BAKI, 2 fevral. TELEQRAF
Hindistanın 2026-2027 maliyyə ili üçün yeni büdcəsində İranın Çabahar limanının inkişafı üçün vəsait nəzərdə tutulmayıb.
Teleqraf xəbər verir ki, müvafiq sənəd Hindistanın maliyyə naziri Nirmala Sitxaraman tərəfindən təqdim olunub.
Qərar Hindistanın 2024-cü ildə Çabaharda yerləşən “Şəhid Beheşti” terminalının istismarı ilə bağlı 10 illik saziş imzalamasına baxmayaraq qəbul edilib. Hindistan limanın inkişafında əsas tərəfdaşlardan biridir və Çabahar uzun müddət Pakistandan yan keçməklə Əfqanıstan, Mərkəzi Asiya və digər ölkələrlə regional ticarət və strateji əməkdaşlığın əsas elementi kimi qiymətləndirilib. Dehli 2024-2025-ci illərdə bu layihəyə 43 milyon dollardan çox vəsait ayırmışdı.
Keçən ilin sentyabrında ABŞ İrana qarşı genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq etsə də, Hindistana Çabahar limanı layihəsində iştirak üçün altı aylıq istisna vermişdi. Bu istisnanın müddəti aprelin 26-da başa çatır.
Keçən ay Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Randxir Caysval bəyan etmişdi ki, Dehli Çabahar məsələsi ilə bağlı Vaşinqtonla danışıqlar aparır. Açıqlama ABŞ administrasiyasının Tehranla ticarət aparan ölkələrə əlavə 25 faizlik rüsumlar tətbiq etməklə hədələməsi fonunda Dehlinin mümkün variantları yenidən nəzərdən keçirdiyinə dair xəbərlərdən sonra verilib.
Çabahar limanı Oman körfəzinin girişində yerləşir, İranın dəniz ticarət yollarına çıxışını təmin edən ilk dərin sulu limanıdır. Hindistan üçün isə bu liman Pakistandan yan keçməklə Əfqanıstan və Mərkəzi Asiya ilə ticarət üçün mühüm marşrut rolunu oynayır. Həmçinin Çabahar Rusiya, İran və Hindistan üçün Şimal-Cənub nəqliyyat dəhlizi üçün mühüm limanlardan biridir.