BAKI, 27 noyabr. TELEQRAF

“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq istəyini ifadə edən ölkələrin sayı çoxdur. Dəhlizin qollarının yaradılması məsələsi aktuallaşır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski deyib.

“Digər dəhlizlər də var və onların bir-birinə uyğunlaşdırılması çox vacibdir. Ona görə də Əfqanıstanın bu layihəyə marağı prinsipial əhəmiyyət kəsb edir. Qoşulmaq istəyənlər varsa və qol yaratmaq mümkündürsə, bu, ola bilər. Əfqanıstan və Əfqanıstan-Pakistan marşrutuna Türkmənistan, Qazaxıstan və Mərkəzi Asiyanın digər ölkələri də maraq göstərir”, - o qeyd edib.

Biriçevski nəqliyyat dəhlizini logistik çərçivə və böyük Avrasiya nəqliyyat infrastrukturunun sistem yaradan elementi adlandırıb və layihənin inkişafını davam etdirəcəyinə əmin olduğunu bildirib.

Xatırladaq ki, Şimal-Cənub dəhlizi Asiya ölkələrindən Avropaya sərnişin və yük daşımaları üçün multimodal marşrutdur. Xətt Rusiya, Azərbaycan, İran və Hindistanı birləşdirir.