BAKI, 8 avqust. TELEQRAF
“Türkiyə və Pakistan ordularının sərhəddən kənarda hərbi qüvvə yerləşdirmək və sərhəddənkənar əməliyyatlar keçirmək doktrinaları olduğu halda, Misirin belə bir hərbi doktrinası yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Qahirənin Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında imzalanmış müdafiə sazişinə qoşulmamasını BBC-yə şərh edən Misir ordusunun istefada olan generalı və analitik Samir Raqəb deyib.
“Misir tarixi-coğrafi baxımdan Səudiyyə Ərəbistanına Pakistan və Türkiyədən daha yaxındır. Buna görə də onun ayrıca dəvət olunmasına ehtiyac yoxdur. Amma Türkiyə və Pakistan ordularının sərhəddən kənarda hərbi qüvvə yerləşdirmək və transsərhəd əməliyyatlar keçirmək doktrinaları olduğu halda, Misirin belə bir hərbi doktrinası yoxdur.
Türkiyə ordusunun Suriya, Somali və Liviya kimi bir neçə ölkədə hərbi mövcudluğu var. Pakistan ordusu da buna bənzər hazırlıq səviyyəsinə və sərhəddənkənar hərbi missiyalar həyata keçirmək yanaşmasına malikdir. Ancaq Misir siyasətinin əsas prinsipi mübahisələrin həllində güc tətbiq etməməkdir”, - general bildirib.
Raqəb əlavə edib ki, Misir Səudiyyə Ərəbistanını dəstəkləyən koalisiyada yer alsa da, hərbi baxımdan iştirakçı olmayıb:
“Misir Sudandakı üsyan və ya Efiopiya ilə Bənd məsələsi kimi birbaşa təhlükə yaradan böhranlar zamanı belə sərhəddən kənara ordu göndərməyib. Liviyaya da hərbi qüvvə göndərməmişdik. Misir parlamenti və xalqı birbaşa təhlükələr mövcud olduğu halda belə, başqa dövlətə hərbi qüvvə göndərilməsini qəbul etmir”.