BAKI, 7 sentyabr. TELEQRAF
“İron Beton Construction” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qanuni təmsilçisi Nizami Əli oğlu Mustafazadə cərimə olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, bu barədə Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı qərarda qeyd olunub.
Qərara görə, Mustafazadə Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsini icra etməkdə yayınmaqda ittiham edilib.
Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il tarixli icra sənədindən görünür ki, “İron-Beton Construction” MMC-dən cəmi 16641,61 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır.
Zərərçəkmiş şəxs bildirib ki, borclu hər dəfə pulu ödəyəcəyini bildirsə də, ödəniş etməyib. Onun izahatına görə, ötən ilin dekabr ayında borclu cəmi 5000 manat ödəniş edib, qalan borc qalıb.
Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru tərəfindən Nizami Mustafazadənin barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmə hesab edib ki, Nizami Mustafazadənin icra sənədlərini yerinə yetirməməsi tam sübuta yetirilib.
Məhkəmənin qərarı ilə o, 2 min manat cərimə olunub.
Qeyd edək ki, “İron-Beton Construction” MMC Azərbaycanda fəaliyyət göstərən, əsasən tikinti materiallarının istehsalı və inşaat xidmətləri sahəsində ixtisaslaşmış bir şirkətdir.
Xatırladaq ki, 2024-cü ildə “İron-Beton Construction” MMC ilə "Arkoz Qazax Sement Zavodu" MMC arasında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə - alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı məhkəmə prosesi olub. Həmin işə Sumqayıt Kommersiya Məhkəməsində baxılıb.