BAKI, 16 yanvar. TELEQRAF
Tovuz rayonunda qumar oynayan şəxs inzibati məsuliyyətə cəlb edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Vaqif Vəliyev (ad-soyad şərti verilib – red.) Tovuz rayonunun Aşağı Öysüzlü kəndində həmkəndliləri, eyni zamanda qohumluq münasibətlərində olduğu iki nəfərlə birlikdə pul qazancı müqabilində qumar oyununda iştirak edib. O, yəni kartla qumar oynayıb.
İş üzrə inzibati məsuliyyətə cəlb olunan Vəliyevin sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir.
Bildirib ki, qohumluq münasibətlərində olan Nərimanın övladının kiçik toy məclisindən həmkəndliləri və qohumluq münasibətlərində olduğu – Aydın və Elmar ilə birlikdə məclisin keçirilməsi ilə əlaqədar işlərə kömək etmək məqsədi onun evində olublar: “Həmin gün, gecə saatlarında Aydın və Elmar ilə birlikdə pul qazancı əldə etmək məqsədilə kart oyunu oynadıq. Həmin vaxtı ev sahibi Nəriman “Tik-tok” sosial şəbəkəsində canlı yayım açaraq qumar oyunu efirə verdi. Daha sonra 3 nəfər polis əməkdaşı evə gələrək qumar oyununu aşkar etdi”.
Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.
Tovuz Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 3 min manat miqdarında cərimə olunub.