BAKI, 8 yanvar. TELEQRAF

Ağstafa rayonunda musiqi məktəbində dava salan şəxs həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Ağstafa şəhəri, Hüseyn Arif adına musiqi məktəbində baş verib.

Qazax rayon sakini 1980-ci il təvəllüdlü Bəhmən Vəliyev (ad-soyad şərti verilib – red.) sərxoş vəziyyətdə məktəbdə ucadan nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub.

Vəliyevin ifadəsinə görə, F. R.-dan rəsmi şəkildə boşanıblar: “Barışmaq üçün onun işlədiyi musiqi məktəbinə getdim, niyyətimi bildirdim. Müsbət cavab verməyəndə əsəbləşərək ucadan nalayiq söyüşlər söydüm. Etdiyim əməldən səmimi peşmanam”.

Ağstafa Rayon Məhkəməsinin qərarı ilə Vəliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və 7 gün müddətinə inzibati qaydada həbs edilib.