BAKI, 31 dekabr. TELEQRAF
Abşeron rayonunda restoranda iki nəfər arasında mübahisə cinayətlə nəticələnib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Saray qəsəbəsindəki restoranda baş verib.
Yardımlı rayon sakini, 1998-ci il təvəllüdlü Xəqani tanışı Vüsala (adlar şərti verilib – red.) həmin restoranda ona əl hərəkətləri ilə işarə göstərməsini irad tutub.
Mübahisə yaranıb, Xəqani Vüsalın sifət nahiyəsinə yumruqla zərbə vurub, yerə yıxaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Vüsalı bir müddətdir həmyerlisi kimi tanıyır: “Münasibətlərimiz normal olub. Martın 2-də saat 20 radələrində dostum Faiqin doğum günü ilə əlaqədar Saray qəsəbəsindəki restorana getdim. Vüsal da orada idi. Məclisdə spirtli içki içdik. Martın 3-də gecə saat 00:30-da Vüsal mənə əli ilə işarə etdiyinə görə aramızda mübahisə düşdü. Restorandan çıxaraq yan tərəfdə olan qaranlıq əraziyə keçdik.
Söhbət zamanı Vüsal üzərimə gəldi. Əsəbiləşərək yumruqla onun sol göz nahiyəsindən vurdum. Vüsal zərbədən yerə yıxıldı. Bundan sonra oradan getdim”.
Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.