BAKI, 31 dekabr. TELEQRAF

Sabirabad rayonunda kriminal aləmlə bağlı paylaşım edən 29 yaşlı oğlan inzibati məsuliyyətə cəlb olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1996-cı il təvəllüdlü rayon sakini Akif Məmmədov (ad-soyad şərti verilib – red.) sosial şəbəkədə kriminal aləmin təbliği ilə bağlı paylaşım edib.

Buna görə yaşadığı Yolçubəyli kəndində polis əməkdaşları ona yaxınlaşılıb və profilaktik söhbət aparılması üçün şöbəyə dəvət edilib. O, paylaşım etməkdə sərbəst olduğunu bildirib və polisə bu barədə məlumat verənin ünvanına nalayiq ifadələr işlətməyə başlayıb.

Polis əməkdaşları intizama dəvət etsə də, o, hərəkətlərini davam etdirib.

Sabirabad Rayon Polis Şöbəsində Məmmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə ittiham elan edilib.

İş baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci il maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

Məmmədov həmin məcəllənin 510-cu maddəsi ilə təqsirli bilinib və 100 manat cərimə edilib. Onun inzibati qaydada həbsdə saxlanıldığı müddət həmin məbləğlə kompensasiya edilib.