İmişli rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Abbas Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xamməd Nuriyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il avqustun 17-də saat 01 radələrində İmişli rayonu, Buludlu kəndi ərazisində Malik Əliyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı Abbas Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Abbas Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Abbas Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.