BAKI, 1 dekabr. TELEQRAF

"Azərbaycan Avropa ilə enerji və rəqəmsal sahədə strateji tərəfdaşdır".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsselə səfəri çərçivəsində "EU Today"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, 2024-cü ildə Avropa İttifaqı (Aİ) Cənub Qaz Dəhlizi vasitəsilə təxminən 11,7 milyard kubmetr Azərbaycan qazı idxal edib ki, bu da 2021-ci ildəki 8 milyard kubmetrdən çoxdur:

"2022-ci il sazişi infrastruktur və müqavilələr imkan verərsə, həcmin 2027-ci ilə qədər ən azı 16 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. SOCAR hazırda 12 ölkə, o cümlədən 8 Aİ-yə üzv ölkələrini qazla təmin edir".

H. Hacıyev Trans-Adriatik Boru Kəmərinin (TAP) və əlaqədar infrastrukturun daha da genişləndirilməsinin Avropa tərəfinin həqiqi maraq və uzunmüddətli müqavilə öhdəlikləri olduğu təqdirdə mümkün olacağını vurğulayıb:

"Azərbaycan Avropa İttifaqı (Aİ) ilə enerji təhlükəsizliyi və inteqrasiya sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır".

Hacıyev Aİ-nin regiondakı fəaliyyətinə də toxunaraq, Avropa Şurasının keçmiş prezidenti Şarl Mişelin Bakı ilə İrəvan arasında vasitəçilik rolunu qeyd edib:

"Bakı Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün yerində ciddi iş aparır və bunun üçün tərəfdaşların dəstəyinə ehtiyacı var. Brüsseldə Azərbaycanın mövqeyi çox müsbət qarşılanıb və yekdil həmrəylik nümayiş etdirilib".