BAKI, 14 iyun. TELEQRAF
"Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı konkret addım atmağı gözləyir".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
"Azərbaycan əraziləri işğal altında olduğu dövrdə biz əlaqələrin qurulmasını münaqişənin həlli prosesinin tərkib hissəsi kimi müzakirə edirdik. İndi isə münaqişə tam şəkildə həll olunub. Biz regionda təhlükəsizlik və sabitliyi tamamilə təmin etmişik. Ermənistan da regional dialoqun və əsas nəqliyyat xətlərinin ayrılmaz hissəsi ola bilər. Hazırda Ermənistanla bu istiqamətdə danışıqlar davam edir. Biz regionda heç bir ölkənin təcrid olunmasına və ya marjinallaşdırılmasına yol vermirik. Lakin Ermənistandan da müəyyən öhdəlik və addımlar gözləyirik",- o qeyd edib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Naxçıvanla birbaşa əlaqənin bərpa olunmasını və bu əlaqə davamlı, təhlükəsiz və beynəlxalq norma və prinsiplərə uyğun şəkildə təmin edilməsini istəyir.
"Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu nəqliyyat dəhlizi regionda əməkdaşlıq və inteqrasiyanı gücləndirəcək və Ermənistan üçün də yeni imkanlar yaradacaq".