BAKI, 15 fevral. TELEQRAF
Bu gün Bakıda "Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə "Qaranlıqdan sonra” adlı tədbir keçirilib.
Teleqraf xəbər verir ki, tədbirin məqsədi birliyin tərkibində Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqların yaradıcılıq bacarıqlarının inkişafı, özlərinə inamlarının artırılması və cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.
Tədbirdə bir sıra rəsmi şəxslər iştirak ediblər. Reabilitasiya prosesindən keçən uşaqların öz əlləri ilə təkrar emal edilmiş saplardan hazırladıqları əl işləri xeyriyyə məqsədilə satışa çıxarılıb.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, sərgidə 21 iş təqdim olunub.
"Bu əsərlər qızların öz fantaziyalarının məhsuludur. Onlar öz seçimləri ilə yaratdıqları obrazları saplarla taxtanın üzərinə köçürüblər", - sədr vurğulayıb.
Deputat Ceyhun Məmmədov Azərbaycanda uşaqların rifah halının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlərin keçirildiyini vurğulayıb.
Onun sözlərinə görə, dövlət qurumları ilə yanaşı ictimai təşkilatlar da buna diqqət göstərir, bu prosesdə fəal iştirak edirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə deyib ki, al-əlvan əl işlərinin olması uşaqların daxili dünyasının, gələcəyə baxışının necə rəngli olmasını göstərir.
"Bu həm də cəmiyyətə bir çağırışdır. Onlar gələcəyi də belə görmək istəyirlər. Hər bir uşağın öz rəng dünyası olsun və o dünyada onlar sərbəst, təhlükəsiz, valideyn himayəsində yaşasınlar, - o vurğulayıb.
Qeyd edək ki, tədbir çərçivəsində uşaqların təqdimatında Azərbaycan kinosunun yadda qalan səhnələri də nümayiş olunub. Tədbirdən əldə olunacaq gəlir tam şəkildə sığınacaqda yaşayan qızların təhsil ehtiyaclarına sərf ediləcək.