BAKI, 3 oktyabr. TELEQRAF
Yardımlı rayon Şıxlar kənd M.T. Zamanov adına tam orta ümumitəhsil məktəbində X sinif bağlanıb. Sözügedən məktəbdə təhsillərini davam etdirə bilməyən şagirdlər və onların valideynləri bu vəziyyətdən çox narahatdırlar.
Bununla bağlı Teleqraf-a müraciət edən şagirdlərin sözlərinə görə, sinfin bağlanmasına səbəb uşaq sayının az olmasıdır.
Sinifdə 4 şagird təhsil alırmış. Həmin sinfə Gölyeri kəndindən bir şagird gələcəkmiş, amma qeydiyyat vaxtı bitdiyi üçün məsələ baş tutmayıb. Buna görə də sinif sentyabr ayında bağlanıb.
Şagirdlərə bildirilib ki, təhsillərini qonşu kənd məktəblərinin birində davam etdirə bilərlər.
Valideyn və şagirdlər qonşu məktəblərin olduqca uzaq, yolların bərbad vəziyyətdə olduğunu, xüsusi ilə qışda o məktəblərə getməyin mümkün olmadığını əsas gətirib, öz məktəblərində qalmaq istəyirlər.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.
Təhsil İdarəsindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun və “Ümumi təhsil haqqında” Qanunlarının müvafiq maddələrinə əsasən yalnız ibtidai və ümumi orta təhsil səviyyələri üzrə məktəblərin azkomplektli formada fəaliyyətinə yol verilir.
"Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na əsasən, tam orta siniflərin təşkili üçün minimum şagird sayı təmin olunmalıdır. Şıxlar kənd məktəbində X sinifdə cəmi 4 şagird olduğundan sinfin açılması normativ tələblərə cavab vermir.
Sözügedən məsələ ilə bağlı valideynlərlə görüş təşkil olunub və müraciətləri rəsmi olaraq mövcud qaydalar izah edilməklə cavablandırılıb. Şagirdlərin təhsil hüququnun təmin olunması məqsədilə onların qonşu məktəblərdə təhsillərini davam etdirmələri tövsiyə edilib", - məlumatda qeyd olunub.