BAKI, 3 iyun. TELEQRAF

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.

Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə tövsiyələr verir və onları ehtiyatlı olmağa çağırır.

"Kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin, əl gigiyenasına ciddi riayət edin, gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin, geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın", - deyə məlumatda qeyd edilib.

Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.