BAKI, 25 may. TELEQRAF

"Həcc ziyarətinin qiymətinin bahalaşması xidmətlərin və şəraitin yaxşılaşmasına səbəb olub".

Bunu Teleqraf-a açıqlamasında zəvvar təşkilatçılarından biri Hacı Niyaz Axundov deyib.

Onun sözlərinə görə, ziyarət zamanı qidalanma otel şəraitində olacaq.

"Zəvvarlar səhər və axşam müxtəlif yeməklərlə təmin ediləcək. Əvvəllər indiki kimi şərait yox idi, Ərafat çölündə çadırlar qurulmurdu. Buna görə istilikdən zəvvarlar arasında çox xəstəliklər olur, hətta itkilərimiz də olurdu. Hər il ölüm halları qeydə alınırdı.

İndi zəvvarlar üçün çadırlar qurulub, içərisində çay, kofe verilir, kondisionerlər fəaliyyət göstərir. Şərait yüksək səviyyədədir.

Qiymətlərin bahalaşması isə xidmətlərin və şəraitin yaxşılaşmasına səbəb olub.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi bizimlə əməkdaşlıq edir. Onlar bizi həkimlər, tibb bacıları ilə təmin edəcək. Azərbaycandan da 4 həkim ziyarətdə iştirak edəcək”, - N.Axundov qeyd edib.

Xatırladaq ki, Azərbaycandan Həcc ziyarətinə gedən ilk 180 zəvvar bu gün saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Bu il bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilir.

Azərbaycandan zəvvar qrupları mayın 25-dən 31-dək hər gün yola düşəcəklər.