TBİLİSİ, 16 iyul. TELEQRAF

Yaxın vaxtlarda Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Türkiyənin ticarət naziri Ömər Bolat arasında Tbilisidə baş tutmuş görüşdə bildirilib.

Nazirlər Gürcüstanda təşkil olunacaq üçtərəfli biznes forumun əhəmiyyətini vurğulayıblar.

Görüşdə Gürcüstanla Türkiyə arasında ikitərəfli ticari-iqtisadi münasibətlərin prioritet istiqamətləri və daha da dərinləşdirilməsi imkanları müzakirə olunub.

Tərəflər sərmayələr sahəsində əməkdaşlığı müsbət qiymətləndiriblər. Türkiyənin Gürcüstanda investisiyaların həcminə görə üçüncü yeri tutduğu, Gürcüstanda Türkiyə kapitallı 2 700-dən çox şirkətin fəaliyyət göstərdiyi qeyd olunub.

Görüşdə, həmçinin bildirilib ki, bu ilin iyulun 31-nə Gürcüstan və Türkiyə arasında Hökumətlərarası İqtisadi Komissiyanın növbəti iclası planlaşdırılıb.