BAKI, 15 may. TELEQRAF
Azərbaycanla Pakistan arasında kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması müzakirə edilib.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata əsasən bununla bağlı müzakirələr kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərovla Pakistan İslam Respublikasının Dövlət naziri Bilal Azhar Kayani arasında təşkil edilən görüşdə aparılıb.
Danışıqlar zamanı Azərbaycanla Pakistan arasında aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun fəaliyyəti, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi və birgə aqrar biznes forumlarının təşkili məsələləri müzakirə olunub.
Bununla yanaşı, hər iki ölkənin sahibkarlarının kənd təsərrüfatı sərgilərində aktiv iştirakının təmin edilməsi, kənd təsərrüfatının rəqəmsallaşdırılması, iqlimə uyğun müasir texnologiyaların transferi, eləcə də aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi diqqət mərkəzində olub.