
BAKI, 19 mart. TELEQRAF
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Trans-Xəzər təbii qaz boru kəmərinin inşasından sonra Türkmənistan qazının Türkiyəyə, oradan da Avropaya ötürüləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Bayraktar Rəsmi Ankaranın Türkmənistanla Xəzər dənizindəki neft və qaz yataqlarının inkişafı üzrə əməkdaşlıq etmək istədiyini bildirib.
Türkiyənin qonşuları ilə elektrik ticarətini artırmağı hədəflədiklərini qeyd edən türkiyəli nazir “Bolqarıstan və Yunanıstanla mövcud əlaqələrimizi gücləndiririk, həmçinin Gürcüstan, İraq, Azərbaycan və Suriya ilə elektrik ticarətinin yüksəldilməsi yönündə layihələr həyata keçiririk”- deyə bildirib.
O, gələcəkdə Trans-Xəzər elektrik xətinin inşası ilə Türkmənistanın elektrik enerjisinin Avropa bazarlarına çatdırılmasının mümkün olacağını bildirib.
Qeyd edək ki, Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.