BAKI, 18 aprel. TELEQRAF

“Avropada necə olacaq, məsuliyyətimiz necə olacaq, bunu bilmirik. Bunları düşünmürük. Hansı komanda ilə düşəcəyimiz də məlum deyil. Avropa səhnəsinə yol açılanda ora barədə danışmaq olar”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Oyunçularımı təbrik edirəm. Asan deyildi, güclü rəqibin, çox yaxşı komandanın meydançasında onlara qalib gəlmək çətin idi. Ağır oyun olacağını bilirdik. Birinci hissədə çox istəkli oynayan biz idik. Qırmızı vərəqə aldıqdan sonra da xoşuma gəldi ki, heç bir oyunçum neqativə köklənmədi. Bu, nümunəvi bir oyundur. Sabahdan etibarən bərpa məşqlərinə başlayacağıq.

Qarşıda bizi “Qarabağ”la kubok oyunu gözləyir. Bu oyunlara da ciddi hazırlaşacağıq. Qələbə qazanmaq istəyirik. Mənə görə, iki prinsip var. Birincisi, meydanda ürəyini qoymaqdır. İkincisi isə formalarında yazılan adlarıdır. Elə etməlidirlər ki, ailələri onlara baxıb fəxr etsinlər.

Mikelsi xəstəxanaya aparırlar. Zədəsi nədir, ondan sonra dəqiq bilinəcək.

“Qarabağ”la oyundan əvvəl bilmirəm, amma növbəti oyunlardan öncəki məşqlərimizin birini media üçün açıq edə bilərik.

Həmişə deyirəm, Abdullah Xaybullayev bizim üçün çox önəmli oyunçulardan biridir. Meydanda təkcə ürəyini yox, canını qoyur. Düzdür, start heyətdə daimi deyil. Amma hər zaman formadadır. Nə zaman bizə lazım olur, 100 yox 110 faiz kömək edir. Bizim üçün önəmli oyunçudur. Çox yaxşı yerlərə layiqdir".