QƏBƏLƏ, 5 mart. TELEQRAF
Bizon Azərbaycan Kubokunun növbəti yarımfinalçısı müəyyənləşib.
Teleqraf xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda “Sabah” “Qəbələ”ni mübarizədən kənarlaşdıraraq növbəti raunda yüksəlib.
Görüşün əsas hissəsində qalib ( hesab 2:2) müəyyənləşmədiyindən oyun əlavə vaxta gedib. Uzatmalarda komandalar hərəyə bir qol vurduğundan (3:3) görüşün taleyi penaltilər seriyasında həll olunub - 4:2.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşün 48-ci dəqiqəsində Adriel Ba Loua qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Qəbələ şəhər stadionunda baş tutan matçda “qrırmızı-qaralar”ın qollarını İsmael Akinade (88, 90) və Nuğay Rəşidov (114) vurublar.
“Bayquşlar”ın heyətində isə Timoteuş Puxaç (31, 62) və Coy Lens Mikels (105) fərqləniblər.
Qeyd edək ki, tərəflər arasında baş tutan ilk qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. “Bayquşlar” yarımfinalda “Qarabağ”la qarşılaşacaq.