BAKI, 17 fevral. TELEQRAF
“Epizodla bağlı indi çox danışmaq istəmirəm. Nəyin necə olduğunu hamı gördü. Kimisə müzakirə etmək səlahiyyətim yoxdur. Hesab edirəm ki, bunun üçün səlahiyyətli insanlar var, qərarı onlar verəcəklər. Ola bilər, hər şeyin düzgün olduğunu, bəlkə də olmadığını deyəcəklər. Hazırda mənim tərəfimdən hansısa şərhin verilməsində bir məna görmürəm”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycan Premyer Liqasının XX turunda “Sabah”la oyunda qeydə alınmayan qol epizodunu şərh edərkən bildirib.
Gürcü mütəxəssis 0:1 hesabı ilə uduzduqları matç barədə də fikirlərini bölüşüb:
“Birinci hissədə müdafiədə yaxşı oynadıq, lakin çoxlu top itkilərimiz oldu. Məhz buna görə də ilk hissədə rəqibə böyük üstünlük verdik. Bununla belə, müdafiədən çıxan zaman bir neçə yaxşı epizodumuz da oldu. Amma bunlar ilk hissədə qol vurmaq üçün kifayət etmədi. İkinci yarıda, təəssüf ki, şanssız bir qol buraxdıq. Mütləq şəkildə qarşısı alına biləcək bir qol idi. Burada "Sabah"ın oyunçularının fərdi ustalığı da öz sözünü dedi.
Qoldan sonra dəyişikliklər etdik, komandanı yenidən formalaşdırdıq. Bundan sonra çox aqressiv və yaxşı oynamağa başladıq. Bacardığımız və oynamalı olduğumuz futbolu nümayiş etdirdik. Biz bu futbolu təkcə bir hissə deyil, 90 dəqiqə oynamalıyıq. Əsas problemimiz budur. Qol vurduq, amma hesaba alınmadı. İstifadə edə bilmədiyimiz digər məqamlar da oldu. Nəticədə, təəssüf ki, məğlub olduq. İkinci hissədən razı qalsam da, birinci hissədən qətiyyən razı deyiləm”.