BAKI, 1 iyul. TELEQRAF
Klublararası dünya çempionatının 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Teleqraf xəbər verir ki, Orlandodakı “Camping World” stadionunda “Mançester Siti” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə qarşılaşıb.
Qarşılaşmada ağlagəlməz nəticə qeydə alınıb. Ərəbistan klubu gözlənilmədən güclü rəqibini 4:3 hesabı ilə udaraq, növbəti mərhələyə adlayıb.
Görüşdə hesabı 10-cu dəqiqədə ingilis klubunun yarımmüdafiəçisi Bernardo Silva açıb. İkinci hissənin əvvəlində “Əl-Hilal” Markos Leonardonun qolu ilə hesabı bərabərləşdirib. 8 dəqiqə sonra ərəblərin oyunçusu Malkom komandasını hesabda irəli çıxarıb. “Mançester Siti”nin norveçli ulduzu Erlinq Holan 55-ci dəqiqədə bərabərliyi təmin edib. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
Əlavə vaxtın başlanğıcında “Əl-Hilal” yenidən hesabda önə keçib. 94-сü dəqiqədə müdafiəçi Kalidou Koulibali fərqlənib. 104-cü dəqiqədə Fil Foden “Mançester Siti”nin bərabərlik qolunun müəllifi olub. Ərəbistan klubunun qələbə qolunu isə 112-ci dəqiqədə Markos Leonardo vurub.
"Əl-Hilal" 1/4 finalda İtaliya “İnter”ini mübarizədən kənarlaşdıran "Fluminense" (Braziliya) ilə qarşılaşacaq.