BAKI, 8 aprel. TELEQRAF

Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu dini baxışlarını dəyişməyə hazırdır.

Teleqraf "Tengri Sport"a istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun İslamı qəbul edəcəyi gözlənilir.

40 yaşlı oyunçunun 2023-cü ildən yaşadığı ölkədəki davranışları və komanda yoldaşlarının ifadələri onun tezliklə müsəlman ola biləcəyini göstərir.

"Əl-Nəsr"in sabiq qapıçısı Valid Abdulla Portuqaliya milli komandası üzvünün İslama maraq göstərdiyini açıqlayıb.

"Ronaldu həqiqətən İslamı qəbul etmək istəyir. Onunla bu barədə danışdım və o, maraq göstərməyə başladı. Ronaldu artıq qol vurduqdan sonra meydanda səcdə edib. O, komanda yoldaşlarını namaz qılmağa və dinin qaydalarına əməl etməyə çağırır", - deyə Abdulla "Al-Hissa Al-Akhira Moroccoworldnews" nəşrinə müsahibəsində deyib.

Valid Abdulla həmçinin Ronaldunun tez-tez İslam barədə öyrənmək üçün ona yaxınlaşdığını bildirib.

Hələ 2023-cü ilin mayında Ronaldunun bəzi qol sevinclərində İslam adətlərinə uyğun hərəkətlər etdiyi görünüb. Portuqaliyalı “Əl-Şəbab”a qol vurduqdan sonra müsəlmanların adətən namaz zamanı etdiyi səcdə hərəkətini göstərib.

2024-cü ilin martında mətbuat konfransında Kriştianu Ronaldu "Əl-Nəsr" qalib gələcək. Remontada, inşallah" sözlərini deyib.

Ronaldu bu il İslama münasibətini bir daha nümayiş etdirərək bütün müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

"Hər kəsə mübarək Fitr bayramı arzulayıram! Bu xüsusi dövr sizə və yaxınlarınıza sevinc, sülh və xoşbəxtlik gətirsin", - o, sosial şəbəkə hesabında yazıb.

Kriştianu Ronaldunun qərarına ciddi təsir edə biləcək digər amil sevgilisi Corcina Rodrigeslə münasibətidir. Argentinalı model 2023-cü ildə açıq-saçıq geyimlərinə görə qalmaqalla üzləşib. O, hətta oyunların birində stadionu tərk etmək məcburiyyətində qalıb.

Lakin 2024-cü ilin martına qədər Rodriges yerli adət-ənənələrə uyğunlaşmağa başlayıb. O, sosial şəbəkələrdəki paylaşımlarına əsasən, oruc tutmaq üçün çəkilişlərini dayandırıb.

Ronaldu katolik olmaqda davam edir. Ulduz futbolçu 2024-cü il Səudiyyə Ərəbistanı Kral Kubokunun finalında penaltilər seriyası zamanı xaç işarəsini etdikdən sonra səcdəyə oturub.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm ərzində "Əl-Nəsr"lə keçirdiyi 34 oyunda 30 qol və 4 məhsuldar ötürmə müəllifi olub.