BAKI, 4 fevral. TELEQRAF
“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) fəal şəkildə Cənubi Qafqazda Səudiyyə Ərəbistanı və Qətəri qabaqlamağa çalışır”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri məhsuldar oldu. Birincisi, səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı mövzuları müzakirə edildi. İkincisi, İlham Əliyev Əbu-Dabidə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərini izlədi. Üçüncüsü, İlham Əliyev Əbu-Dabidə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdü və iki lider sülh quruculuğunun növbəti mərhələsini müzakirə etdi. İlham Əliyev və Nikol Paşinyan ötən il avqustun 8-də Vaşinqtondakı görüşündən bir ay əvvəl də məhz Əbu-Dabidə görüşmüşdü”, - ekspert bildirib.
Elxan Şahinoğlu qeyd edib ki, BƏƏ Azərbaycanla yanaşı, Ermənistanda da yatırımlarının həcmini artırıb:
“Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla birgə hərbi təlimlər keçirməsi bu ölkənin Cənubi Qafqazda möhkəmlənməsi istəyindən xəbər verir. Azərbaycanın Səudiyyə Ərəbistanı və Qətərlə də sıx əməkdaşlığı var. Ancaq hiss olunur ki, BƏƏ fəallığı ilə Cənubi Qafqazda bu iki ölkəni qabaqlamağa çalışır. Körfəz ölkələri tərəfdaş sayılsalar da, aralarında rəqabət də var. Odur ki, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan və Ermənistanla artan tərəfdaşlığını müşahidə edən Səudiyyə Ərəbistanı və Qətər də Cənubi Qaqafzda möhkəmləyin yeni yollarını axtaracaq”.