|
"Bu adamlar nəinki Qurandan, eləcə də konstitusiyadan don geyinsələr belə, onların məkrli sözlərinə heç vaxt aldanmayın"
“Bu formada siyasət aparmaq həmin partiyanın qaragüruh və əcinnə yığnağı olmasından xəbər verir”
Hazırda Fransada mühacirətdə yaşayan “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” verilişinin müəllifi Qənimət Zahidin qardaşı oğlanlarının həbs edilməsi barədə məlumat vermişdik. Əvvəlcə iyulun 18-də Q.Zahidin Şamaxının Meysəri kəndində yaşayan qardaşı oğlu Tural Zahidov saxlanaraq Şamaxı polisinə aparılıb. O, polis əməkdaşını təhqir etməkdə suçlanaraq 30 sutka həbs cəzası alıb.
İyulun 20-də isə baş redaktorun daha bir qardaşı oğlu Rüfət Zahidov Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb. Hələ də ondan xəbər yoxdur. Qənimət Zahid baş verənləri siyasi fəaliyyəti ilə əlaqələndirib.
Q.Zahidin qardaşı, hazırda Belçikada mühacir həyatı yaşayan Mirzə Sakit “Yeni Müsavat”a açıqlamasında həbs olunan qohumlarından xəbərsiz olduğunu bildirdi: “Hələ heç bir məlumatımız yoxdur. İş günü olmadığına görə dostlar da bir məlumat ala bilməyiblər. Əgər onu o idarəyə aparıblarsa, demək, şərləmə olacaq və bunu əvvəlcədən hesablayıb ora aparıblar”.
M.Sakit qohumlarının qınağına tuş gələcəklərini istisna etmir: “Qohumların hələ başları öz işlərinə qarışıb. Yəqin ki, iradlar sonra olar. Amma hələlik onların azad olunacaqları ümidi ilə yaşayırlar. Bu gedişlə təzyiqlərin davam etməsi intensivləşəcək, elə təzyiqlər olacaq ki, bu həbslər şükürlü olacaq. Adama ən doğma olan adamdan intiqam alarlar. Həm də bunu ona görə edirlər ki, qohumlar arasında narazılıq yaransın”.
Müsahibimiz qohumlarının həbsinə səbəb olan AXCP rəhbərliyi barədə də sərt açıqlamalar verdi: “Əslində ağlı olan adam belə yarıtmaz siyasətdən yayınar, bu formada siyasət aparmaq həmin partiyanın qaragüruh və əcinnə-şəyatin yığnağı olmasından xəbər verir. Mənim elə bir çıxış vasitəm yoxdur ki, bu təzyiqlərin qarşısını ala biləm. Amma məlum hadisələrin baiskarları pul qazanmaq istəyindən imtina etməlidirlər.
Kimlərsə beş manat pul qazanmaq istəyində olacaqlar və özlərini də ”Vətən təəssübkeşləri" qismində camaata sırıyacaqlar, adamlar da bunlara görə həbsxanalara düşəcəklər. AXCP bu xalqın işıq yolu idi, amma o partiyanı Əli Kərimli işğal etdikdən sonra manyaklar yığnağına çevrildi. Xalqın adından danışmağa onların qəti ixtiyarları yoxdur. Qeyd edim ki, mən onların manyaklıqları haqda hələ heç nə yazmamışam, bundan sonra yazacam".
M.Sakit qohumlarının həbsi ilə bağlı AXCP rəhbərliyinə müraciət etmək fikrində olmadığını da qeyd etdi: “Mən manyaklara necə müraciət edim? Onlara beş il bundan öncə müraciət etmişəm, özü də başda Əli olmaqla, bütün funksionerlərə müraciət etdim. Lakin bu adamların necə vicdansız olduqlarını gördüm və sevindim ki, bu murdarlara hakimiyyət qismət olmur və olmayacaq da. Hər halda, o ”zombi"lərin ifşa olunmasına çalışacağam. Onlar elə düşünürlər ki, hakimiyyəti tənqid etməklə xalqa sevgilərini bildirirlər və xalq da bunların bu aktyorluğuna inanacaq. Azərbaycan dövlətinə belə insanların rəhbərlik etməyindənsə, Ukraynadakı manyak Çikatilo rəhbərlik etsə daha ədalətli olar".
Mirzə Sakit cəmiyyətə müraciət etdi: “Fürsətdən istifadə edib, burdan cəmiyyətimizə səslənərək deyirəm ki, əziz soydaşlarımız, sizlər haqlı olaraq Milli Şuranın, əslində isə ”Yurd təşkilatı"nın keçirdiyi maskaradlı mitinqlərə qoşulmursunuz. Həmin mitinqlərin təşkilatçılarının dabbağda gönlərinə bələdəm, belələrinin Azərbaycana rəhbərlik etməsini Tanrımız bizlərə qismət etməsin. Bu adamlar nəinki Qurandan, eləcə də konstitusiyadan don geyinsələr belə, onların məkrli sözlərinə heç vaxt aldanmayın. Bunların məqsədləri yalnız çirkinliklər içində siyasət aparmaqdan ibarətdir".