|
KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında Türkiyənin hava sərhəddini pozan rus qırıcısını vurmasından sonra Azərbaycandakı bəzi siyasilərin, millət vəkillərinin Ankaraya yönəlik çağırışına münasibət bildirib.
M.Mirəlioğlunun sözlərinə görə, məlum olaydan sonra Azərbaycann bəzi millət vəkillərinin Türkiyəni üzr istəməyə çağırması ayıb sayılacaq bir addımdır və müəyyən mətləblərdən xəbər verir:
“Bizim bəzi deputatların açıq-aşkar Rusiyapərəst mövqe sərgiləməsi gözləniləndir. Bu, normal olmasa belə, bu günün reallığı baxımından qanunauyğundur. Türkiyənin Rusiyadan üzr istəməli olduğu ilə bağlı fikirlərin Azərbaycanda dilə gətirilməsi çox böyük ayıb və səviyyəsizlikdir. Bu sözü kimin deməsindən asılı olmayaraq, bu, həm də bir mahiyyətdir. Bu, həm də türk düşmənçilyiyinin Azərbaycanın içərisində yaşaması deməkdir. Məsələnin kökündə bu dayanır. Bu gün Türkiyəni üzr istəməyə çağıran şəxslər sabah Putinə “sağ ol” da deyə bilərlər. Onların qafası rus qafasıdır və buna görə də onların məsələyə bu cür yanaşması anlaşılandır. Lakin baş verənlər kimin-kim olduğunu üzə çıxartmaq baxımından önəmli bir testdir. Kimin kimin yanında olmasını müəyyənləşdirmək baxımından bu, olduqca vacibdir və bu baxımdan dəyərləndirilməlidir”.