|
Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün özünün facebook səhifəsində Müsavat Partiyasına qarşı son günlər bütün istiqamətlərdən hücumun başlandığı barədə status yazıb. Yazını olduğu kimi təqdim edirik:
“Azərbaycanda müxalifətçi kimi fəaliyyət göstərmək 1988 - ci ildən bu yana heç vaxt indiki kimi çətin olmamışdı.
Belə görünür ki, iqtidar 1993 -cü ildən yerinə yetirməsə də bəyan etdiyi xarici və daxili siyasi kursundan, avrointeqrasiya və demokratikləşmə xəttindən tamamilə imtina etməyə hazırlaşır.
Azərbaycan Rusiyanın köləliyinə sürüklənir.
Bunun üçün isə bütün müqavimət mərkəzlərini ələ almaq və ya məhv etmək xətti götürülüb. Məhkəmə, qanunvericilik, təhsil, səhiyyə, yerli özünün idarə, seçki sistemləri sıradan çıxarılaraq hakimiyyətin yolsuzluq fəaliyyətinə yardımçı alətlərə çevrilib .QHT sektoru, azad mətbuat məhv edilib və ya ələ alınıb.
Hakimiyyət müqavimət göstərməkdə davam edən tək- tək siyasi xadimləri, jurnalistləri, bir-iki saytı, sıradan çıxara bilmədiyi bir- iki partiyanı, bir- iki ictimai təşkilatı daha böyük nifrətlə və aqressivliklə təqib edir.
Dövlət resursları ilə yanaşı milyardlarla maliyyə vəsaiti hesabına təşkil edilmiş əlavə qüvvələr: təbliğat-təşviqat maşını, nəzarət altında olan KİV-lər, televiziyalar, yüzlərlə qeyri-hökumət təşkilatları, rəsmi və qeyri-formal güc strukturları, hakimiyyətin nəzarəti altında fəaliyyət göstərən siyasi partiyalar, hər yerə, o cümlədən təşkilatlarımıza yeridilmiş agentura seti, daha nələr, nələr üzərimizə gəlir.
Bəzi keçmiş silahdaşlarımız da TV lərdən üzərimizə od püskürür, bəziləri müxtəlif bəhanələrlə aradan çıxır.
İndi duruş gətirmək həmişəkindən daha çətin olduğu kimi daha vacib və şərəflidir.
İndi duruş gətirənlərin adı daim hörmətlə anılacaq!”