|
ABŞ-ın Azərbaycandakı səfirliyi vətəndaşları səfirlikdə işə düzıltmək adı ilə onların vəsaitini mənimsəyən fırıldaqçı şəbəkənin fəaliyyəti ilə bağlı xəbərdarlıq yayıb. ABŞ səfirliyi bildirib ki, səfirlik vətəndaşların işə düzəldilməsi üçün onlardan heç bir vəsait tələb etmir. Habelə, işə düzəlməklə bağlı danışıq və proseslər səfirlik binasında, səfirlik əməkdaşlarının vasitəsi ilə aparılır.
Maraqlıdır, vətəndaşları işə düzəltmək adı ilə onların pullarının mənimsənilməsi hallarının son bir ildə tendensiyaya çevrilməsi nə ilə bağlıdır? Bu cür halların çoxluğu işsizliyin kütləviliyini və vətəndaşların ən xırda ümid dalınca belə qaçmaq məcburiyyətini göstərmirmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı sosial vəziyyətin ağırlaşması fonunda bu cür halların daha da artacağını vurğuladı:
“Təbii ki, ölkədə sosial problemlər kəskin olduqca, işsizlik aktuallaşdıqca vətəndaşların ağır durumundan istifadə etmək istəyənlərin də sayı artır. Xüsusilə də nəzərə alsaq ki, ölkədə qanunların icrası, əmək hüquqlarının qorunması və s. ilə bağlı kifayət qədər problemlər var, korrupsiyanın geniş yayılması və s. şəraitində insanların inamından sui-istifadə edilməsi halları da genişlənəcək. Bunlar mövcud situasiyanın özündən bəhrələnir. Ölkədə iqtisadi tənəzzülün artmasına, sosial durumun kəskinləşməsinə görə məsuliyyət isə hakimiyyətin üzərinə düşür. Hesab edirəm ki, vəziyyət ağırlaşdıqca vətəndaşların ümidsiz durumundan faydalanmağa çalışanların da sayı artmaqda davam edəcək”.