|
“İşlətdiyi sözləri onun daxili mədəniyyətinin göstəricisi də hesab etmək olar"
Ötən gün parlamentin yaz sessiyasının ilk iclasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar İbrahimovun yol polislərinin ünvanına etdiyi çıxış gündəmin əsas mövzusuna çevrilib. Belə ki, deputatın zarafatla olsa belə, polisin ünvanına “dana” ifadəsini işlətməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qeyd edək ki, Komitə sədri çıxışında yol polisinin deputatın maşınını saxlamasından, onları tanımamasından və millət vəkillərinə qarşı qeyri-mədəni davranışlarından gileylənib.
DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında məsələyə münasibət bildirib. DİN-in sözçüsü qeyd edib ki, millət vəkilinin mühüm dövlət qurumlarından birinin əməkdaşları barədə uyğun olmayan, yaraşmayan fikirlər səsləndirməsi ən azı, təəssüf doğurur: “Eyni zamanda işlətdiyi sözləri onun daxili mədəniyyətinin göstəricisi də hesab etmək olar. Bəlkə də, deputat Eldar İbrahimov polisin ünvanına dediyifikirlərin əsassız olduğunu başa düşüb üzr də istəyəcək. Çünki özü də yaxşı bilir ki, polislərimizin 99,9 faizi öz dövlətinə sadiqdir, millətinə sədaqətlidir və Milli Məclisin bütün üzvlərinə də böyük hörmət və sayğı ilə yanaşırlar”.