|
Zaman-zaman bir çox axtarış sistemlərinin və sosial şəbəkələrin təhlükəsizlik xidmətlərinə işlədiyi iddia olunurdu. Belə ki, bu günlərdə “WikiLeaks” saytının qurucusu Culian Assanj “Google” şirkətini ABŞ dövlətinə işləməkdə ittiham edib. Assanj şirkətin direktoru Erik Şmidtin və “Google” prezidenti Cared Koenin fəaliyyətini araşdırarkən belə nəticəyə gəlib. Assanjın iddiasına görə, sifariş ABŞ-ın siyasi və hərbi maraqları üçün məlumat toplamaq məqsədilə Dövlət Departamenti tərəfindən verilirmiş.
Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər deyib ki, bu əlaqələrin olması tam realdır: “Dünyada qloballaşma prosesi gedir. Bu proses getdikcə ölkələrin bir-birinə qarşı kəşfiyyat xidmətləri daha aqressiv sistemli işləmək imkanı qazanır. Eyni zamanda beynəlxalq terror şəbəkələri, beynəlxalq mütəşəkkil cinayətkar dəstələr bu sistemlərdən istifadə edirlər. Eyni zamanda böyük dövlətlər və əsasən də bu sistemləri yaradan dövlətlər bu sistemlərin əldə etdiyi məlumatlardan geniş istifadə edirlər. Amma bu məlumatlardan istifadə etmək hüququnun olması isə bir başqa mövzudur. Zaman-zaman ABŞ-ın özündə də bu aşkara çıxır ki, qeyri-qanun dinləmələrdən çox yüksək səviyyələrdə istifadə olunur.
Sosial şəbəkələrin özü hətta kəşfiyyat xidmətləri tərəfindən də yaradıla bilər. Eyni zamanda qurulduqdan sonra da kəşfiyyat xidmətlərinin diqqətini cəlb edir və bu sistem sahibləri ilə məlumatların əldə olunması üçün danışıqlar aparırlar.
Əslində bütün internet istifadəçiləri bu faktları nəzərə almalıdırlar. Belə ki, onlar öz şəxsi məlumatlarını şəbəkələrdə paylaşdıqları müddətcə onların həyatı bilgilərindən istifadə oluna bilər. Bu baxımdan sosial şəbəkələrdə o bilgilər paylaşıla bilər ki, onların ictimailəşmə ehtimalı olduqda problem yaratmasın”.