|
“Bu günlərdə bu hərəkəti yönəldənlər aşkar olunacaq və ifşa ediləcəklər”
“Qaraçuxur məscidində baş verən hadisədən sonra sədr müavini Siyavuş Heydərov başda olmaqla Dövlət Komitəsinin nümayəndələri Qaraçuxur məscidinə gedib, hüquq-mühafizə orqanları ilə birlikdə bu hadisənin araşdırılmasında iştirak ediblər”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Quvrbanlı söyləyib.
M.Qurbanlı deyib ki, Dövlət Komitəsinin nümayəndələri bu gün də həmin məsciddədir: “Məscidin axundu ilə sıx əlaqə saxlamışıq. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları davam edir. İlkin məlumatlar ictimaiyyətə çatdırılıb. Məscid öz fəaliyyətini davam etdirir. Hesab edirəm ki, bu hərəkətləri həyata keçirənlər müəyyən mənfi niyyətlər nəzərlə tuturlarsa, bunu reallaşdıra bilməyəcəklər. Çünki Azərbaycanda möhkəm ictimai-siyasi, dini sabitlik var. Azərbaycanda məzhəblərarası qarşıdurma mövcud deyil. Ona görə də hansısa məscidə qarşı bu cür təxribat hərəkətlərinin edilməsi həm dini icmalarda, həm də insanlar arasında heç bir panika yarada bilməz və yaratmayacaq. Cəmiyyətdə də bütün qurumlar bu hərəkəti pisləyiblər. Hesab edirəm ki, bu günlərdə bu hərəkəti yönəldənlər aşkar olunacaq və ifşa ediləcəklər”.