|
"Ermənistan Azərbaycan hava sərhəddini pozub və buna görə helikopter vurulub".
Teleqraf.az-in məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva DHA-ya müsahibəsində deyib. Deputat ATƏT-in Minsk qrupunun biganəliyindən gileylənib.
Q.Paşayeva qeyd edib ki, Minsk qrupu Ermənistanın 40 min şəxsi heyətlə Azərbaycanın işğal altındakı torpaqlarında manevr etməsinə səssiz qalaraq heç bir addım atmayıb.
"Bu hərbi təlimləri hansı səbəblə keçirirsiniz, buna nə haqqınız var? ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana heç bir təzyiq göstərmir. Ermənistan hərbi vertolyotunun Azərbaycanın hava sərhəddini pozaraq işğal altında olmayan bölgələrə doğru irəliləməsi səbri daşıran son addım olmuşdu. Azərbaycan əsgərləri Ermənistanın təxribatlarına qarşı addım kimi dərhal vertolyotu vurub və onların vətəndaşlarımıza zərər vermə ehtimalına qarşı tədbir görüblər".
Deputat bildirib ki, beynəlxalq təşkilatlar Ermənistana hələ də ciddi təzyiq göstərmirlər. Xüsusilə də Dağlıq Qarabağ probleminin həlli üçün missiya boynuna götürmüş ATƏT-in həmsədrlərinin heç bir addım atmaması bölgədəki vəziyyətin daha da gərginləşməsinə səbəb olur: "Artıq problemin sülh yolu ilə həlli üçün durmadan çalışan Azərbaycan hərbi qüvvələrinin, xalqının da səbri daşıb və artıq yetər deyirik. Ermənistan artıq anlamalıdır ki, Azərbaycana qarşı etdiyi təxribatlara görə çox sərt cavab alacaq. Bu baş verənlər 20 ildir Azərbaycan torpaqlarını işğal edən Ermənistana bir dərs olmalıdır. ATƏT-in Minsk qrupunu da artıq problemin həlli üçün ciddi addımlar atmağa çağırırıq", - deyə deputat söyləyib.