|
Ülviyyə Əlizadə
Ərəb dünyası, bəlkə də, monqol işğalından bu yana ən böyük iğtişaşlarından birini yaşayır. Bu dəfə iğtişaşların baş aktyoru ərəblərin özüdür. Ramazan ayı müsəlmanların bir-birinə yaxınlaşdığı ay olduğu halda Yəmən Ramazan ayına 24 saat qalmış baş verən dörd ayrı terror aktı ilə girdi. Ramazan ayı ərəfəsində meydana gələn hücumlar bir müsəlmanın özünü ən təhlükəsiz hiss etməli olduğu yerdə - məscidlərin qarşısında baş verdi. Ramazanda müsəlmanların yaşadığı çətinliklər yalnız məscidlərdə partlayan bombalarla məhdud deyil. Bir çox müsəlman ölkəsində insanlar aclıq və ölüm təhlükəsi ilə həyatda qalmağa çalışırlar. Üstəlik, bu cür çətin vəziyyətdə bir də özü ilə eyni vəziyyətdə olan başqa bir müsəlman qardaşı ilə vuruşur. Aralarındakı yeganə fərq inanclarıdır. Əslində, ikisi də müsəlman olduğunu deyir. Eyni Allaha, eyni kitaba, eyni peyğəmbərlərə inanırlar. Qiblələri də birdir. Eyni istiqamətə yönəlib, eyni şəkildə namaz qılırlar. Bəs necə olur ki, məscidə ibadət üçün gedən qardaşlarını qətl edəcək qədər qəddarlaşırlar?
Düzgün həll yolu problemlərin dəqiq müəyyən edilməsi ilə mümkündür. İslam ölkələrindəki bu vəziyyətin bir çox siyasi və ictimai amillər olmaqla iki əsas səbəbi var: müsəlmanların öz aralarında ittifaq qurmaması və İslamın Quranda yeri olmayan dəyərlərlə eyniləşdirilərək yaşanması. Bu da yanlış bilinən İslamdır. Bu gün müsəlmanların yaşadığı bir çox ölkədə hakim olan bu yanlış İslam anlayışında demokratiya, fikir azadlığı, sevgi, hörmət, şəfqət, dostluq, fədakarlıq kimi anlayışlar yoxdur. Bu dinin adı İslam deyil, xurafatdır. Şiə də, sünni də eyni batil dini müdafiə edir: “Sənin fikrinlə razı deyiləm! Ya mənimkini qəbul et, ya da yox ol!”
Xüsusilə son dövrlərdə bu xurafatçı anlayış İslam dini kimi adlanmağa başladı. Bəzi çevrələr xurafat dininə İslam adını qoydular. Xurafata qarşı olan qorxularını İslama yönəltdilər və beləliklə, İslam düşmənçiliyi yayıldı. İnsanlar qorxularının İslamdan deyil, xurafatdan qaynaqlandığının fərqində belə olmadılar. Xurafatçıların yaratdığı dinin İslam adına ortaya çıxdığını görmədilər. Çünki heç kəs onlara İslamın bu olmadığını izah etməyib. Nə İslam adına ortaya çıxan sünni və şiə radikallar, nə də bu radikallardan qorxan islamofoblar həqiqi İslamın xurafat, qorxunc, sevgisiz və nifrət dolu dinlə heç bir əlaqəsinin olmadığını göstərə bildi.
İslam dininin radikalları bütün dünyaya, ən çox da müsəlmanlara zərər verməyə başladı. Bu gün Yəməndə, İraqda, Əfqanıstanda, Misirdə və Liviyada baş verənlərin səbəbi budur.
"Mülayim İslam" ifadəsi də bu səbəbdən ortaya atıldı və radikalların vəhşiliyinə qarşı mübarizə aparan müsəlmanlar "mülayim müsəlman" olaraq adlanmağa başlandı. İslam əleyhinə səslər mülayim İslamın tərəfdarlarını təqdir etdilər, amma radikallara qarşı onları gücsüz gördülər. Onların yanlış inanclarına görə, fanatiklərin müdafiə etdiyi din həqiqi İslamdır və mülayim olanlar tərəfindən yumşaldılmağa çalışılır (İslamı bütün bu bənzətmələrdən tənzih edirəm). Hətta buna İslamda islahat, mülayim İslam tərəfdarlarına da reformist dedilər. Halbuki bu, bir islahat deyil. İslamın Peyğəmbərimiz (əs) dövründə olduğu kimi yaşanması tələbidir. İslam dininə sonradan əlavə olunan bütün xurafatların tərk edilməsi və səhabə dövründəki İslama geri qayıdılması üçün səy göstərilməsidir.
Həqiqi müsəlmanlar illərdir İslam adı altında dünyaya yayılan yalanları elmlə yox etməyə, Qurandan dəlillərlə İslamın həqiqətini göstərməyə çalışırlar. Məqsədləri illərdir İslam adına ortaya çıxan radikalizmi, fanatizmi, xurafatı və İslamla əlaqəsi olmayan xurafat dinini ortadan qaldırmaq və xurafatçılar tərəfindən İslama qarşı atılmış ən böyük böhtana son qoymaqdır.
İslamın adı xurafatdan xilas edildiyi gün müsəlmanların da ağrılı-acılı, qanlı və səfalət içindəki çətin vəziyyətdən xilas olduqları gün olacaq. Qadınlar rahat, təhlükəsiz, sərbəst gəzərkən çəkinmədən: “Mən müsəlmanam”, -deyə biləcək. Ölkələr abad, təmiz, estetik, təhlükəsiz yerlərə çevriləcək, insanları sevgi dolu, mərhəmətli, elmli, keyfiyyətli, modern olmaqla İslamı ən gözəl şəkildə yaşaya biləcəklər.