Ceyhun Nəbi

Azərbaycan tarixində millətin inkişafında, təhsil almasında önəmli imzalardan biridə Pişnamazzadələrdir.  Pişnamazzadələr İslam dininə, onun qoyduğu şərtlərə bağlı insanlar olublar. Azərbaycanda cəhalətin, fanatizimin kök saldığı bir dövrdə onlar bu qaraguruh zehniyyətin sahibləri ilə üz-üzə gəlmişlər və bunu pis nəticələr verdiyini əvvəlcədən dərk etmişlər. Azərbaycan tarixində ilk dəfə olaraq dini elmlərlə, dünyəvi elməri birləşdirib birlikdə təhsil verən şəxslər Pişnamazzadələr olub. Pişnamazzadələrin mənbələrə məlum olan ilk böyük nümayyəndəsi Mövlana ( Allah dostu ) Molla Hüseyin Pişnamazzadədir. Pişnamazzadə soy adının daşıyıcıları əsasən Gəncə və Şəkidə yaşayıblar. Mövlanə Hüseyinin nüfuz və hörməti bütün Azərbaycana yayılmışdı. O Gəncədə Şah Abbas məsciddində yerləşən mədrəsədə Mirzə Şəfi Vazeh, Mirzə Sadıq Fani və s ilə birlikdə dərs verirdi. Mirzə Fətəli Axundovu onun yanına təhsil almağa gətirən şəxsdə bütün bunları nəzərə almışdı. Mövlanə Hüseyinin iki böyük tələbəsi mənbələrə məlumdur. Mirzə Fətəli Axundov və Şeyx İbrahim Şeyxzamanlı ( Qüdsi ). O İbrahim Qüdsi ki, savadlı olmasına görə Abbasqulu Ağa Bakıxanov öz Qüdsi ləqəbini ona verib, O İbrahim Qüdsi ki, hazırcavablığına görə Qafqaz sərdarı knyaz M.Vorontsov öz qızıl saatını ona hədiyyə edib. Bu iki şəxsin yetişməsində Mövlanə Hüseyin Pişnamazzadənin xidməti əvəzsizdir. Mövlanə Hüseyinin oğlu axund molla Əli Pişnamazzadədə orada bilik öyrədib, məntiqdən dərs verib ( Gəncə Jurnalı, 2012, N: 29,səhvə :12 ) .

     Pişnamazzadələr soyunun Azərbaycanda ən tanınmış nümayyəndəsi Zaqafqaziya Şeyxülislamı vəzifəsini icra etmiş  Axund Molla Məhəmməd Əli oğlu Pişnamazzadə olmuşdur. Məhəmməd Pişnamazzadə Mövlanə Hüseyin Pişnamazzadənin nəvəsi idi. Məhəmməd Pişnamazzadədə babası kimi yenilikçi, uzaqgörən, islami dəyərlərə bağlı, vətən və millət sevdalısı bir şəxsiyyət idi. Bu soyun adında olan pişnamaz (namaz vaxtı öndə olan mənasını verir) kimi təhsil sahəsində, pedoqoji sahədədə həmişə öndə idilər.

     Şeyxülislam Axund Məhəmməd Pişnamazzadə 1853-cü il mayın 15-də Gəncə şəhərində anadan olmuşdur. Ruhani ailəsində dünyaya göz açan Axund Məhəmməd Pişnamazzadə ilk təhsilini Gəncə mədrəsəsində aldıqdan sonra ali ruhani təhsil almaq üçün Təbrizə göndərilmişdir. Təbrizdə Ali Ruhani təhsili alıb. 1883-cü ildə təhsilini başa vurub Tiflisə gəldikdən sonra o, şəhadətnamə almışdır. 80-ci illərin sonunda Məhəmməd Pişnamazzadə aktiv təhsil fəaliyyəti ilə məşğul idi. Ətrafında ziyalıları, elm adamlarını və dünyəvi təhsildən yana olan dindarları toplamışdı. Bütün bu əməllər çar məmurlarının diqqətindən yayınmırdı, Pişnamazzadənin fəaliyyəti onları narahat edirdi. 1892-ci ildə Gəncə Cümə məscidinə baş molla təyin olunan Məhəmməd Pişnamazzadə qısa müddət ərzində savadlı və bacarıqlı ruhani kimi böyük hörmət qazanmış, bir il sonra Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. O, Tiflisdə ruhani xadim kimi tanındıqdan sonra 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur. Məhəmməd Pişnamazzadə mütərəqqi fikirləri və təhsil sistemində dünyəvi elmlərə üstünlük verməsi çar məmurlarının diqqətini çəkirdi.

      Axund Molla Məhəmməd Pişnamazzadənin ən diqqət cəlb edən tərəfi təhsil və marifçilik sahəsində göstərdiyi xidmətlərdir. O din xadimi olsada, onun üstünlüyü dünyəvi elmlərin inkişafına verdiyi dəstəkdir. 1896-cı il onun tərəfindən təsis edilən “ Məktəbül-Xeyriyyə” ( Xeyriyyə məktəbi ) o dövrdə Azərbaycanda öz fəaliyyətinə görə əsas milli təhsil ocağı idi. Əsas qayəsi millətin mariflənməsi və cəhalət bütünü dağıtmaq idi. Bu məktəbdə Axund Məhəmmədin babası Mövlana Hüseyin Pişnamazzadənin tutuduğu xətti davam etdirirdi və dünyəviliyin inkişaf etdirilməsində maraqlı idilər. Axund Molla Məhəmməd Pişnamazzadənin təsiscisi və rəhbəri olduğu “ Məktəbül-Xeyriyyə”-də tək Azərbaycandan yox, Türkiyədən olan müəllimlərdə fəaliyyət göstərirdi.

   Hüseyin Cavid Abdulla Tofiq Surun ölümü ilə bağlı yazdığı məqalədə qeyd edir ki, “ Məktəbül-Xeyriyyə” 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra Rus-müsəlman məktəbinə çevrilib. (18. 5. 1912-ci il İqbal qəzeti ). Məktəbin milli məktəb formasından çıxmasının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi.

    1900-cı ilin dekabrında tərəqqipərvər əməlinə və maarifçilik fəaliyyətinə görə təqib olunan Axund Molla Məhəmməd Pişnamazzadənin evində polis tərəfindən axtarış aparılır. Bəhanə olaraq səbəb gətirilir ki, guya Türkiyə və İran hökumətləri ilə əlaqə saxlayan axund Qafqazda Rusiyaya qarşı ixtilaf hazırlayır və hökumətə qarşı əks-təbliğat aparır. Bu yersiz günahlar əsasında Axund Məhəmməd Pişnamazzadə və onunla birlikdə 37 nəfər azərbaycanlı ziyalı “qiyama hazırlıq” bəhanəsilə həbs edilir. (1.1.1909-ci il, Şura jurnalı, səhvə: 534 ) Axund Məhəmməd və üç nəfər üləma Türkistana sürgün olunsalar da iki ildən sonra əfv edilib vətənə qayıdırlar.

     Axund Molla Məhəmməd Pişnamazzadə sürgündən qayıtdıqdan sonra yenədə maarifçilik fəaliyyətini davam etdirir. Qardaşı Axund Hüseyin Pişnamazzadənin rəhbəri olduğu “Mədrəseyi-Ruhaniyyə”-də dərs verir. Həmin mədrəsədə Türkiyədə təhsil alıb gəlmiş Hüseyn Cavid, onun kimi yenə Türkiyədə təhsil almış, ədəbiyyatşunas, ədəbi təndiqçi, ilk Füzulişunas sayılan Abdulla Tofiq Sur ( Ədəbiyyat müəllimləri ), Axund Ələsgər Poladzadə ( Şəriət, əxlaq və s ) Azərbaycan Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəylinin qardaşı Həmid bəy Yusifbəyli ( Rus dili müəllimi, O 1898-ci ildən “Məktəbül-xeyriyyədə” dərs keçib ), Rza bəy Qaraşarov ( Riyaziyyat müəllimi ), Mirzə Məhəmməd Axundov, Mirzə Abbas Abbaszadə ( Şəriət, dilçilik və əsasəndə əlifba sayəsində ), Nəsib bəy Yusifbəyli, pedaqoq İdris Axundzadə ( Sonralar Türk Ədəmi Mərkəziyyəti Musavat partiyasının Gəncə şəhər şöbəsinin rəhbəri olmuşdu ), Türkiyədən gəlmiş müəllim Savad Cavad ( Türkiyəli Əhməd Cavadın qardaşı ) və s dərs demişdi. Bu müəllimlər Gəncənin bir çox məktəblərində dərs veriblər. “ Məktəbül-xeyriyyə” və “Mədrəseyi-Ruhaniyyə” onların əsas dərs verdikləri təhsil olcaqları idi. Axund Molla Məhəmməd Pişnamazzadə yeni tipli, “Usuli-Cədid” məktəblərinin tərəfdarı idi. Bunun uğrunda mübarizə aparırdı.1909-cu ildə rəsmi olaraq həmin məktəblərin icazəsini alır. Gəncə və Gəncə ətrafında yeni tipli məktəblər açdırır (Gəncə, Çobanabdallı, Borsunlu, Aşağı Ayıblı, Morul, Qarabağlar, Qazax, Sarıtəpə, Əhmədbəyli, Qovlara-Sarı ). Həmin dövrdə Axund Məhəmməd Pişnamazzadənin fəaliyyəti çoxşaxəli idi. O tək təhsil, marifçilik sahəsində yox, həmdə xalqın mühafizəsində ən önəmli simalardan biri idi. O müsəlmanlar arasında böyük hörmətə sahib idi, bir çox problemlərin həllində onun böyük rolu vardı. Ermənilərin aktivləşməsi, müsəlmanlara qarşı soyqrım siyasəti həyata keçirmələri Gəncədə ziyalıları, elm adamlarını, böyük hörmət sahiblərini və dini camiyəni onlara qarşı hərəkətə keçməyə vadar etmişdi.

    Axund Molla Məhəmməd Pişnamazzadə milli işlərin önündə gedən əsas din xadimi idi. Çox çətin, məsuliyyətli qərarların və fətvaların arxasında Axund Molla Məhəmməd Pişnamazzadənin imzası dayanırdı. Xalqda ona qarşı böyük inam var idi. Onun həbs və sürgün həyatı yaşaması, xalqda onun təmizliyi və əqidə adamı olması ilə bağlı fikir formalaşdırmışdı. Gəncə Şəhərində milli işlərin önündə gedən “ El Atası” sayılan Ələkbər bəy Rəfibəyli ilə birlikdə Axund Molla Məhəmməd Pişnamazzadə əsas şəxslər sayılırdılar.

    O dövrdə dövlət sənədlərində M.Pişnamazzadənin tutduğu mövqey və xarakterik xüsusiyyətləri ilə bağlı maraqlı fakatlar var. Tiflis Quberniya Jandarm İdarəsinin rəisi podpolkovnik Başinskin Difai partiyasının üzvləri haqqında 31 oktyarb 1909-cu il tarixli məruzəsində ətraflı məlumat verir. Məruzədən aydın olur ki, "Difai" partiyasının Yelizavetpol komitəsinin sədri Axund Molla Məhəmməd Pişnamazzadə olmuşdu. Polis məlumatlarında M. Pişnamazzadəni bir şəxsiyyət kimi səciyyələndirən maraqlı məlumatlar qalmışdı. Məsələn, 1912-ci ilin fevral ayında tərtib edilmiş belə məlumatların birində yazılmışdır: "Müsəlman aləmində o, əsas və görkəmli ictimai xadimlərdən biri hesab edilir. O, Qafqaz diyarı hüdudlarında müsəlman üsuli-cədid məktəblərinin, kitabxana-qiraətxanaların və müxtəlif xeyriyyə cəmiyyətlərinin yaradılmasının təşəbbüsçüsüdür. Öz əsərlərində, məqalələrində və ictimai yerlərdə söylədiyi nitqlərində o, müsəlmanları birləşməyə və milli tayfa davalarına son qoymağa çağırırdı. Pişnamazzadə öz baxışlarına görə mütərəqqi müsəlman və eyni zamanda yüksək dərəcədə dindar, ciddi adamdır, müsəlman ruhaniləri arasında və cəmiyyətdə görkəmli mövqeyinə müvafiq olaraq qapalı, sadə və ayıq-sayıq həyat tərzi keçirir. Heç bir əyləncə yerinə getmir, kübar dairələrdə dolaşmır. Bac-xərac və rüşvət almaqla məşğul olmur, çünki bunlar onun xalq xadimi və idealist əqidələrinə ziddir və ümumiyyətlə onun xarakterinə yabançıdır" ( E. Əzizov, Difai, səhvə: 61 ).

     Axund Molla Məhəmməd Pişnamazzadənin təmiz əxlaq sahibi olduğu, insanlar arasında böyük nüfuza sahib olması rəsmi sənədlərdədə öz əksini tapıb. Bütün bunlara əsasən Axund Molla Məhəmməd Pişnamazzadə əzilən müsəlmanların, haqqları tapdalanan insanların ədalət mübarizəsinin önündə gedirdi. Hər gün Azərbaycanın müxtəlif məkanlarında vəhşiləşmiş Ermənilər Azərbaycanlılara qarşı insanlığa zidd əməlləri icra edirdilər. Bir tərəfdən Çar məmurları buna göz yumur, digər tərəfdən onlara yardımçı olurdular. Axund Molla Məhəmməd Pişnamazzadə kimi din xadimlərimiz, mütərəqqi ziyalılarımız bunlara göz yuma bilməzdi. Onların vətən sevgiləri, milli qeyrətləri sərt addımlar atmağa vadar edirdi.

       1905-1906 –ci illərdə Ermənilərin simasızlığı qarşısında güc göstərə biləcək əsas şəhərlərdən biri Gəncə idi. Gəncədə bu işlərə Ələkbər bəy Rəfibəyli ilə, Axund Molla Məhəmməd Pişnamazzadə rəhbərlik edirdi. Həmin dövrdə Gəncədə gizli formada Difai adlı partiya təsis etmişdilər. Partiyanin rəhbərliyində Axund Molla Məhəmməd Pişnamazzadə, Ələkbər bəy Rəfibəyli, Ələsgər və Ələkbər bəy Xasməmmədovlar qardaşları ( hər ikisidə hüquqşunas ), Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Mirzə Məhəmməd Axundov, Nağı Şeyxzamanlı və s. Bu partiyanin Gəncə şöbəsinin ( o vaxt Yelizavetpol şöbəsi gedirdi) rəhbəri rəsmi sənədlərdə bəzən Ələkbər bəy Rəfibəyli, bəzəndə Axund Molla Məhəmməd Pişnamazzadə gedir. Bunun səbəbi partiyanın gizli formada fəaliyyət göstərməsi ilə bağlı idi. Gəncə şəhərində milli işlərdə yüksək hörmət sahiblərini, öndə gələnləri bu təşkilatın rəhbərliyində görürdülər.

     Axund Molla Məhəmməd Pişnamazzadə təmənnasız, heç bir maliyyə qarşılığı olmadan ( “Məktəbül-xeyriyyə”-nin adında bu görünür ) millətin savadlanmasında, inkişafında, dəyərlərinin qorumasında, fiziki olaraq mühafizəsində  xidmət göstərən fenomen bir şəxsiyyət olub. Mahiyyəti ilə bu vətənə, torpağa bağlı bir din adamı idi. Bunu nəzərə alan Çar Rusiyası siyasi dairələri, polis orqanları Axund Molla Məhəmməd Pişnamazzadəni basqı altında saxlayırdılar, bütün fəaliyyəti nəzarət altında idi. Bütün bunlara rəğmən Axund Molla Məhəmməd Pişnamazzadə öz əməlləri icra etməkdə idi. Prinsipial olaraq düşüncələrindən, fəaliyyətdə olduğu yoldan dönmək fikrində deyildi. O bir dəfə sürgündən olduqdan sonra yenədə Həmid bəy Yusifbəyli ( iki dəfə M. Pişnamazzadə birlikdə sürgün olunmuş əsas şəxslərdən biri idi ) kimi müəllim, millət və vətən fədailərini ətrafına toplayıb öz işini davam etdirməkdə idi.

     Difainin fəaliyyətində ən yüksək mövqeyə malik din xadimi Axund Molla Məhəmməd Pişnamazzadə olmuşdu. O 1906-cı ildə ( Türküstandan sürgündən qayıtdıqdan sonra ) Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdu. Rəsmi olaraq Gəncədə ən ali dini qurumun rəhbəri sayılırdı. Bu qrumun rəhbəri olaraq dini təhsil verməklə yanaşı, gizli milli işləri davam etdirirdi. Çar Rusiyasının Gəncədə olan ali dini nümayyəndəliyinin rəhbəri olan şəxsin bu gizli qurumda ( Difaidə ) fəaliyyət göstərməsinin səbəbi nə ola bilərdi ?  Bu sadəcə Gəncədə bir çox dindarların gördüyü iş idi, yoxsa Axund Molla Məhəmməd Pişnamazzadənin düşüncələrindən, milli baxışlarından, vətən və millət sevgisindən irəli gələn məsələ idi ? Əlbəttə ki, bu ikinci faktorla bağlı məsələ idi. Yüksək bir mənsəbdə oturan, yaxşı bir maaş alan, yuxarı siyasi dairələrlə ciddi əlaqə yaratmaq imkanları yaradan qrumun rəhbərinin bunu etməsi rahat iş deyil. Üstəlikdə ki, sonradan bu işdə həbs, sürgün və təqibdə varsa. Bütün bunlar Axund Molla Məhəmməd Pişnamazzadənin keçdiyi o ədalətli və saflıq günəşi sayılan məktəbdən qaynaqlanırdı, Onun yüksək əxlaqından, təmiz mənəviyyatından və xoş niyyətli olmasından xəbər verirdi.

    Difai partiyası ad olaraq partiya hesab olunsada, mahiyyət etibarı ilə müsəlmanların, Azərbaycanlıların, çar məmurları tərəfindən əzilən məzlum insanların qisasını alan intiqamçı bir təşkilat idi. O dövrdə Azərbaycanlıların yaşam düşüncəsində hakim mövqeyə malik güc din idi. Din xadimlərinin müəyyənləşdirdiyi prinsiplər, verdiyi qərarlar, əmrlər ( fətvalar ) təsiretmə gücünə görə böyük əhəmiyyə kəsb edirdi.

    Axund Molla Məhəmməd Pişnamazzadə Difai partiyasının qətlləri həyata keçirən bölməsinin əsas siması idi.  Çunki bütün qətllər Şəriətə uyuğun olaraq, özlərinin dini baxışlarına görə həyata keçirilirdi.  Gəncə Qubernatorunun müşaviri Kreçiniskinin, Qarabağda diviziya komandiri olmuş və sonradan Tiflisdə Bilal adlı Difai fədaisi tərəfidən qətlə yetirilən Kalasçapovun, Molla Hadı kimi Difai haqqında Çar məmurlarına cəsusluq edən şəxslərin öldürülməsi İslama uyğun olaraq əsaslandırılmalı idi.

    Axund Molla Məhəmməd Pişnamazzadə ilə birlikdə bu işlərdə müəllim, öz əsasını hədiyyə etdiyi, Difainin sənəd işlərinə baxan ( Difainin möhürüdə onda idi, qətllərdən sonra üzərində Difainin möhrü olan praşuralar yayılırdı ), Katibi Mirzə Məhəmməd Axundzadə, Həmid bəy Yusifbəyli, Ələsgər bəy Xasməmmədov əsas şəxslər saylırdı. Çar polis məmurları bu 4 şəxsin evində axtarış aparıb, idealoji ədəbiyyat və müxtəlif sənədlər aşkar edirlər. Hamısını sürgünə göndərirlər, Axund Molla Məhəmməd Pişnamazzadə ikinci dəfə sürgün həyatı yaşamağa məcbur olur.

    Difainin fəal və aktiv nümayyəndələri həbs olunub, sürgünə göndərildikdən sonra onun fəaliyyəti zəifləyir, qətllər dayanır. 1908-ci ilin sonunda Difainin rəhbər şəxslərinin həbsi, müxtəlif yerlərə sürgünə göndərilməsi cəmiyyətə  qorxu salır, amma Difai özünün yarımçıqda olsa öz məqsədinə çatır. Ermənilərin və onlara dəstək olan Çar məmurlarının həddini aşmaması üçün müəyyən işlərə imza atdılar. Bütün bu işlərdə Ələkbər bəy Rəfibəyli, Mirzə Məhəmməd Axundzadə, Kərim bəy Mehmandarov, Əhməd bəy Ağaoğlu, Həmid bəy Yusifbəyli, Nəsib bəy Yusifbəyli, Ələkbər və Ələsgər Xasməmmədov qardaşları, Həsən bəy Ağayev, Bala Məşədi, Sarı Ələkbər, Tatoğlu Qara, Dəli Alı, Qarabağlı Bilal kimi Axund Molla Məhəmməd Pişnamazzadənində milli vətənpərvərlik və Azərbaycan sevdası bizlərə əzizdir.

    Axund Molla Məhəmməd Pişnamazzadə evində aşkarlanan sənədlərə, kitablara və bütünlükdə fəaliyyətinə görə Kazana sürgün olunur. Sürgündə olduğu müddətdə yenədə faəliyyətdən qalmır. Həştərxanda nəşr olunan “Həmiyyət”, “Günəş”, “Burhani-tərəqqi” kimi qəzetlərdə məqalələrlə çıxış edir, müsəlman qızların təhsilə yiyələnmələrinin vacibliyindən xüsusi söhbətlər açır.

     1909-cu ilə kimi Axund Molla Məhəmməd Pişnamazzadə sürgündə olur və həmin ili Tiflisə gəlir, yaxın qohumu Şəkili Fərəculla Pişnamazzadə Zaqafqaziya Şiə Ruhani idarəsində işləyirdi, onun köməkliyi ilə 1909-cu il iyun ayının 20-də Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin üzvü seçilir. Bu vaxt Şeyxülislam Axund Məhəmmədhəsən Mövlazadə Şəkəvi vəzifəsindən istefa verir. Həmin vəzifəyə Qafqazda və Rusiya müsəlmanları arasında yüksək hörmətə sahib Axund Molla Məhəmməd Pişnamazzadə müvvəqəti olaraq təyin edilir. O 1909-cu ildən 1915-ci ilə kimi müvəqqəti olaraq o vəzifəni icra edir.

      1914-cü ildə Tiflisə gələn Çar II Nikolay həm şiə müsəlmanlarının lideri Şeyxülislam vəzifəsini icra edən Axund Molla Məhəmməd Pişnamazzadə ilə, həm də sünni müsəlmanlarının lideri Müfti Hüseyn Əfəndi Qayıbovla görüşmüş, onların çıxışlarını dinləmiş və onların simasında bütün müsəlmanları salamlamışdı. Bir il sonra, yəni 1915-ci ilin yanvarın 14-də Daxili İşlər İdarəsinin təqdimatına əsasən İmperator II Nikolay tərəfindən Axund Molla Məhəmməd Pişnamazzadə Zaqafqaziya Şiə Ruhani İdarəsinin sədri və Zaqafqaziya şeyxülislamı vəzifəsinə rəsmən təsdiqlənir.

     O dövrdə belə bir fikir yayılmışdı ki, güya həmin vəzifəyə Ruhani İdarəsindən Molla Məhəmməd Axundzadə adlı şəxs təyin olunub. Sonradan Məhəmməd Əmin Rəsulzadə İqbal qəzetinin1915-ci il “864” saylı nömrəsində “ Şeyxülislamın təsdiqi münasibətilə” adlı məqaləsində həmin hadisəyə aydınlıq gətirir. Qeyd edir ki, O Molla Məhəmməd Axundzadə adlı şəxs deyil, bu Şeyxülislam vəzifəsini icra edən elə Axund Molla Məhəmməd Pişnamazzadədir.

    Həmin gündən artıq O rəsmən Qafqazın Şeyxülislamı statusunu alır. Həmin zamanlarda Osmanlı Dövləti dünya müharibəsinə qoşulur, bu hadisə Şüyxülislam olaraq Axund Molla Məhəmməd Pişnamazzadəni narahat edirdi. 1915-ci ildə Türkiyənin Ərdəhan və Qars mahallarında gedən döyüşlər nəticəsində hər iki valideynini itirmiş kimsəsiz uşaqların qayğısına qalmaq məqsədi ilə Qafqaz Şeyxülislamı Axund Məhəmməd Pişnamazzadənin “Son xəbər” qəzetinin 1915-ci il 7-ci nömrəsində bir elanı dərc olunur. Şeyxülislam müsəlmanlardan xahiş edirdi ki, bu il orucluq bayramında Qafqaz müsəlmanları fitrə-sədəqələrini başqa yerə verməyib ruhani və qazılar vasitəsilə Tiflisə göndərsinlər. Toplanacaq bu fitrə-sədəqələr hesabına Tiflisdə “Yetimlər evi” açılacaq, orada Ərdəhan və Qars döyüşləri nəticəsində hər iki valideynini itirən uşaqlar saxlanılacaq, onlara təlim-tərbiyə veriləcəkdir. Şeyxülislamın təklifi müsəlmanlar tərəfindən razılıqla qarşılanır. Hətta Axund Molla Məhəmməd Pişnamazzadə Əhməd Cavadla birlikdə qapı-qapı gəzərək onlara varlıların evində yer edirdilər (Ə. İsayev “Gəncə və Gəncəlilər” səhvə: 377). ( Bu hadisə bu gündə Gəncədə bir çox insanların xatirəsində yaşayır.

    Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə rəhbərlik etdiyi idarədə daxil olmaqla xeyriyyəçilik işini davam etdirirdi. İmkansızlara yardımlarda bulunur, maaşlarından xeyriyyə işlərinə sərf edir, əsirlərin, onların övladlarının yaşaması üçün əllərindən gələni edirdilər.

      1917-ci ilin fevralında Rusiyada inqilab baş verdikdən sonra idarəetmə orqanlarında pərakəndəlik yarandıqda Gəncədə sabitlik yaradan qüvvə Gəncə Müsəlman Milli Komitəsi idi. Nağı Şeyxzamanlı yazır ki, Milli Komitənin qərarı ilə Nəsib bəyin başcılığı ilə 5 nəfərlik icra heyyəti yaranmışdı. 1. Nəsib bəy Yusifbəyli ( sədr ), 2. H.F ( podpolkovnik, zabitləri təmsil edən ), Aslan bəy Səfikürdlü ( Sosialistləri təmsil edən ), Əhməd Cavad ( Gənclik təşkilatının təmsilçisi ), Pişnamazzadə Molla Məhəmməd ( Dinimizi təmsil edən ) Bu icra heyyəti daim iş başında olurdu ( N. Şeyxzamanlı, “ Xatirələrim”, səhvə: 32 ).

      Bu çətin məqamlarda yenə Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə xalqının yanında idi. Gəncənin milli siyasi simaları ilə millətinin dərdinə əlac qılmaqda, onun həllinə çalışmaqda idi. Bu idi Pişnamazzadənin böyüklüyü.  Zaqafqaziyanin Şeyxülislamı idi, amma onu vəzifə, şan-şöhrət maraqlandırmırdı, daşıdığı ideallar Azərbaycanı qorumaq və yaşatmaq idi.

       1917-ci ilin ortalarından etibarən Bolşeviklərin partizan dəstələri Gəncə-Qazax ərazisində əsasən Müseyib Əliyevin rəhbərlik etdiyi Bolşevik  quldur dəstələri bəylərin, mülk sahiblərinin evlərinə, mülklərinə  basqın edir, ailələrini, özlərini qətlə yetirirdilər. Zəyəmdə böyük mülk sahibi, qeydiyyatda ən böyük mülk sahibi olan Zülqədərlilərin ailə üzvülərinin basqına məruz qalması və onların başcısı sayılan, İsamyıl bəy Qaspıralının xatirə dəftərində adı keçən Allahyar bəy Zülqədərlinin öldürülməsi insanları sarsıtmışdı. Gəncədə bu tipli hadisələrin qarşısını almaq üçün din adamlarından və ziyalılarından ibarət iki qrup yaradılmışdı və onlar Zəyəmə göndərilmişdi. Mollalardan və tacirlərdən ibarət heyyətə Şeyxülislam Məhəmməd Pişnamazzadə, ikinci müəllimlərdən və ziyalılardan ibarət heyyətə isə Osmanlı zabiti Hüsaməttin Tuğac başcılıq edirdi ( N. Şeyxzamanlı “Xatirələrim”, səhvə:42 ).

     1918-ci ilin yanvar ayının 8-də Şəmkir stansiyasında  Gəncə Müsəlman Milli Komitəsinin Çar Rusiyasının əsgərlərini tərksilah etməsi sevindirici xəbər idi. Orada şəhid olmuş əsgərlərin dəfnində Şeyxülislam olaraq və Gəncə Milli Komitəsinin icra heyyətinin əsas şəxslərindən biri kimi Axund Molla Məhəmməd Pişnamazzadənin iştirakı onun o dövrdə aktiv fəaliyyətindən xəbər verirdi.

       Gəncədə müxtəlif siyasi baxşıları daşıyan insanlar əsl səmimiyyətləri ilə Azərbaycan davası aparırdılar. İstər millətçisi, istər solcusu, istərsədə dindarı Gəncə Müsəlman Milli Komitəsi adı altında milli vəhdət təşkil edirdi. Gəncənin və ətraf yurdların başını qara buludlar aldımı bu səmimi vətənpərvərlər, vətən mücahidləri əlindən gələnləri edirdilər. Bu milli vəhdətin əsasını təşkil edən faktorlardan əsaslarından biridə Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə kimi səmimi, təmiz əxlaq və mənəviyyata sahib dindarların mövcudluğu idi.

      Həmin dövrdə Gəncədə Axund Molla Məhəmməd Pişnamazzadənin rəhbərliyi altında “İttihadi-İslam” adlı cəmiyyət fəaliyyət göstərirdi. Xudadat bəy Rəfibəyli kimi Gəncənin sayılıb-seçilən şəxsləri orada təmsil olunurdu. 1918-ci ilin yanvarında Rusiyada müsəlmanlıq partiyası ilə İttihadi-İslam cəmiyyəti birləşib, İttihadi-İslam – Rusiyada Müsəlmanlıq adlandı. Bakıda daşnakların Azərbaycanlılara qarşı törətdikləri mart soyqrımlarından sonra partiyanin fəaliyyəti, əsasən, Zaqafqaziya Seymində təmsil olunan müsəlman fraksiyası çərçivəsində davam edirdi. ( AXC ensiklopediyası, səhvə: 68 ).

     Azərbaycan Cümhuriyyəti yarandıqda Gəncəyə ilk xəbəri Fətəli Xan Xoyiskinin qardaşı Hüseyinqulu xan Xoylu çatdırıb. O birinci yaxın dostu Xudadat bəy Rəfibəyliyə ( sonradan Hüseyinqulu bəy Gəncə Qubernatoru olanda onun muavini oldu ) və  Şeyxülislama xəbəri çatdırmışdı. ( F. Rəhmanzadə, “Yol”, səhvə: 522 ).

     Bu xəbərdən bütün Gəncə şad olmuşdu. Həmçinində bu günü ömrü boyu böyük sevinclə gözləmiş Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə. Azərbaycanın öz istiqlalını elan etməsi ən böyük bayram idi. O çar rejminin zülmündən əziyyət çəkmiş əsas şəxslərdən biri idi, onu ömrü boyu həbslər, təqiblər, sürgünlər müşayət etmişdi. 1918-ci ildə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu və ölkə siyasi müstəqilliklə yanaşı, din sahəsində də müstəqillik əldə etdi. Müfti Mustafa Əfəndi Əfəndizadə  Avqust ayında Gəncəyə gəldi.  1918-ci il sentyabrın 1-də onlar könüllü olaraq «Məşixə» deyilən vahid orqanda birləşmək qərarına gəldilər. Məşixəyə şeyxülislam və müfti ilə birlikdə 31 ruhani-16 şiə və 15 sünni qazısı daxil oldu. Bununla da müsəlmanların dini işlərinin idarə edilməsində ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yarandı. Şeyxülislam idarənin rəhbəri, Qafqaz müsəlmanlarının ruhani başçısı, müfti isə onun müavini oldu.

    Azərbaycan Cümhuriyyəti yarandığı zaman onun ilk Şeyxülislamı vəzifəsini Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə icra etmişdi ( Həmdə O Qafqazda çar Rusiyasının sonuncu Şeyxülislamı olmuşdu ). O 1918-ci ilin oktyabr ayının 10-na kimi bu vəzifəni icra etmişdi. Şeyxülislam Məhəmməd Pişnamazzadə həmişə İslam birliyinin tərəfdarı olub, ona görə bütün məzhəblərin, onun rəhbərlərinin hörmət və sevgisini qazanmışdı. Müsəlmanların xoşbəxtliyi onun ən ali məqsədi idi. O heç vaxt şəxsi maraqlardan, fərdi mənafeylərdən çıxış etməyib. O həqiqətdən yana mövqey qoyub, onun qalib gəlməsi əlindən gələni edirdi.

      1918-ci ilin 30 oktyabrında Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadənin imzası ilə hökumətə 367 nömrəli təkliflər məktubu ünvanlanır. Həmin təkliflər 4 bölmədən ibarət idi:

1. Azərbaycan Cümhuriyyəti hüdudlarında “Məşixət-i İslamiyyə” adı altında ruhani idarəsi təsis edilsin və ona Osmanlıda mövcud olan Məşixət kimi tam müstəqillik verilsin;

2. 7 sentyabr tarixli 311 saylı təqdimatda göstərilən Məşixətin iki sədrindən, hər iki idarənin birləşdirilməsi məqsədi ilə birinə şeyxülislam, digərinə müstəşar, yaxud müşavir adı verilsin;

3. Şeyxülislam iclaslarda iştirak etmək hüququ ilə rəsmən Nazirlər Şurasının üzvü hesab edilsin;

4. Ruhani heyətin komplektləşdirilməsi üçün Məşixətin birbaşa sərəncamına kredit ayrılsın. Sadalanan və digər bu kimi dini məsələlərin həll edilməsi məqsədi ilə bizim də iştirakımızla fövqəladə yığıncaq çağırılsın.

     Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə Azərbaycan Cümhuriyyətində dini islahatların həyata keçirilməsi ilə bağlı rəsmi təkliflər çıxış edən əsas din xadimlərindən idi. Onun təkliflərindən göründüyü kimi müsəlmanları bir bayraq altında birləşdirmək, onların hüquq və haqqlarının qorunması üçün dövlətdən dəstək istəyirdi. Şeyxülislam özündə bir şəxsiyyət olaraq dini və dünyəvi dəyərlərin vəhdətini təcəssüm etdirirdi. Təkliflərində  şəriət qaydalarının tətbiqini yox, Nazirlər Şurasında Şeyxülislamın iştirakını təklif edir. Bu onun gələcəyə baxışında yenilikçi olmağından xəbər verirdi. 

     Lakin Şeyxülislam Məhəmməd Pişnamazzadənin məktubuna uzun müddət cavab verilmədi. İrəli sürülən təkliflər yalnız 1920-ci ilin martında hökumətin geniş müzakirəsinə çıxarıldı ki, artıq bu vaxt Məhəmməd Pişnamazzadə istefa vermiş və onun yerinə Ağa Əlizadə şeyxülislam təyin edilmişdi. Beləliklə, Məhəmməd Pişnamazzadə başda olmaqla ruhani rəhbərlər bu çətin ideyanın öhdəsindən gələrək onu həyata keçirdilər. Bu, məzhəb ayrılıqlarından istifadə edərək Qafqazda müsəlmanlar arasında düşmənçilik yaratmaq istəyən çarizmin siyasətinə son nöqtə qoydu. Dini rəhbərlərin irəli sürdüyü birgə səylər nəticəsində 1 sentyabr 1918-ci il tarixli birgə qərar ilə hər iki idarə “Məşixət” adlanan vahid bir idarədə birləşdirildi. Bakının azad edilməsindən sonra Məşixət ölkənin paytaxtına köçürüldü. Həmçinin, paytaxtın Gəncədən Bakıya köçməsindən sonra Şeyxülislam Axund Məhəmməd Pişnamazzadə xəstəliyi ilə əlaqədar olaraq 1918-ci ilin 10 dekabrında şeyxülislamlıq vəzifəsindən istefa verib Gəncə Cümə məscidində axund kimi fəaliyyət göstərməyə başladı.

     Sovetlər Azərbaycanı işğal edənə qədər Axund Molla Məhəmməd Pişnamazzadə Gəncə Cümə məscidinin axundu kimi fəaliyyət göstərdi. Sovetlər Azərbaycanı işğal edəndə digər din xadimləri, ziyalılar, siyasət adamları və s kimi təqib və təyziqlərə məruz qaldı, 3-cü dəfə həbs olundu. Yazdığı yazılara və mövqeyinə görə fanatik mollalar tərəfindən tənqid olunanda Nəriman Nərimanov onun müdafiəsinə qalxmışdı və 3-cü dəfə həbs olunanda, yenə onun köməyinə Bolşeviklərin Azərbaycandakı nəbz döyüntüsü Nəriman Nərimanov çatdı. Axund Molla Məhəmməd Pişnamazzadənin dünyagörüşü, insanların birliyini və vəhdətini yaratma bacarığı onu digər din xadimlərində fərqləndirirdi. Ona görədə bu fərqləndirici faktora görə Nəriman Nərimanovunda ona simpatiyası var idi. O Nəriman Nərimanovun əmri ilə həbsdən azad edilir.

    Bu məqamda təbii idi, Axund Molla Məhəmməd Pişnamazzadə kimi din xadimlərinin mövcudluğu mənəvi söz sahibi olaraq cəmiyyətdə sabitlik, sülh və qardaşlıq yaradırdı.

    Böyük əqidə, mücadilə adamı Axund Molla Məhəmməd Pişnamazzadə ömrünün sonuna kimi nəzarətdə oldu, Çar xəfiyyələri, sonralar Sovet ÇK-sı, KQB-si onu bir dəqiqədə olsun nəzarətdən buraxmadılar. Beləcə 1938-ci ilə kimi ömür sürən şeyx həmin il Gəncədə əbədiyyən gözlərini yumdu, Şəhərin İmamzadə məzarlığında Pişnamazzadələr türbəsində dəfn olundu. Onun əziz xatirəsi əqidə, mücadilə adamlarının, Difai yolçularının, Gəncənin və Azərbaycanın sayğıdəyər insanlarının düşüncəsində hər zaman yaşayır. Ruhun şad olsun böyük Şeyx.

 

    

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti