|
Seymur BAYCAN
Bu mövzuda bir dəfə yazmışdım. Gördüklərim, müşahidələr, eşitdiklərim bu mövzuya bir daha qayıtmaq zəruriyyəti yaratdı. "Kurtlar vadisi” serialının müxtəlif adamlara göstərdiyi təsir və həyəcan qöz qarşısındadır. Demək olar ki, hər gün müxtəlif cür adamların simasında, hərəkətlərində "Kurtlar vadisi” serialının qoyduğu izlərini görürük. Düzdü, bir-iki yazıyla o boyda axının qarşısında dayanmaq, o böyüklükdə təsirə müqavimət göstərmək, kütləvi izləri silmək çox çətin məsələdir. Sadəcə, yazıb ürəyimizi boşaldırıq. Yazmasa, adam dəli ola bilər. Eləcə də, bir çox insanlar da oxumasalar, dəli ola bilərlər. Dəli olmamaq üçün biz yazmalıyıq, onlar da oxumalıdırlar.
İbrahim Tatlısəsin baş rolda oynadığı "Gülüm benim” adlı bir film var. Çoxları baxıb. İbrahim Tatlısəs filmdə yük maşını sürücüsüdür. Kamyon şoferi. Bu kamyon şoferinin dişi ağrıyır. Dostuyla gedir diş həkiminə. Dişini çəkdirməyə. Orda bir qəşəng qız görür. Bu qıza vurulur. Nə başınızı ağrıdım, məlum məsələdir ki, İbrahim abi qız tavlamağın ustasıdır. Ta bunu bilməyən adam yoxdur. Kim bilmirsə, boynuna bir daş bağlayıb, gedib özünü atsın dənizə.
İbrahim abi bir-iki hərəkətlə qızı tavlayır. Əlbəttə ki, yuxarı sinifin nümayəndəsi olan zəngin qız da əvvəldə bir az naz satsa da, az sonra bir könüldən min könülə İbrahim abiyə vurulur. Filmin bütün süjetini burda yazmaq fikrindən uzağam. Kimin həvəsi varsa, axtarıb baxa bilər. Bizim nəslin nümayəndələri o filmlə çoxdan tanışdırlar.
Biz zamanında lazımı qədər, hətta deyərdim ki, lazım olduğundan da artıq dərəcədə tramvalarımızı almışıq. Başqalarını qoyuram kənara. Onlar özü bilərlər. Öz payıma deyirəm - kül mənim başıma. Rahatlaşdım. İndi isə davam edək. Bir çox başqa filmlərdə olduğu kimi, bu filmdə də bir-birini sevən bu iki gəncin qovuşması müşkül məsələyə çevrilir. Qızın ailəsi qızın kamyon şoferinə baş qoşmasını qəbul etmir. Edə də bilməz. Onları da başa düşmək lazımdır. Qızlarını kamyon şoferinə ərə getməyinə necə razı olsunlar? Necə deyərlər, qız xeylağının saçı uzun olar, ağlı gödək. Qızı öz başına buraxsan, ya zurnaçıya ərə gedər, ya da halvaçıya.
Lakin başqa filmlərdə olduğu kimi Bu filmdə də sevgi öz sözünü deyir. Hisslər hər zaman olduğu kimi ağıla üstün gəlir. Ürək başı tanımır. İki gənc bütün manələrə baxmayaraq qovuşmaq, bir yerdə yaşamaq qərarına gəlirlər. Kirayə ev tuturlar. Lakin onların xoşbəxtliyi uzun çəkmir. Qızın qəddar atası kiralıq qatil tutub her ikisini güllələtdirir. Bu iki aşiq qucaqlaşıb ölürlər. İbrahim bəyin bu cür filmləri çoxdur. Sadəcə mövzuya giriş, istiqamət olaraq bu filmi seçdim. Bu bayağı filmdə çox sadə bir həqiqət var. Nədir bu həqiqət? Nədən ibarətdir ? Niyə ilin-günün bu vaxtında İbrahim Tatlısesin baş rolda oynadığı "Gülüm benim” filmini xatırladım?
Bu bayağı filmdəki sadə həqiqət ondan ibarətdir ki, guya qızın ətrafındakı insanlar arasında səmimiyyət yoxdur. Qız İbrahimin yanında özünü daha rahat hiss edir. İbrahimin əllə yemek yeməsi onun çox xoşuna gəlir. İbrahim abi mərddir, dürüstdür.Əsl kişidir. Halalın-haramın yerini bilir. Qızın öz təbəqəsindən nişanlısı var. Amma Avropada təhsil almış, mədəni, səviyyəli oğlan qız üçün maraqsızdır. Qıza İbrahimlə olmaq daha maraqlıdır. Bu kimi filmlərdə yuxarı sinifə məxsus qızlar İbrahim müəllimə dəlicəsinə vurulur. Onlar İbrahim müəllimə görə ağlayırlar, göz yaşları axıdırlar. İbrahim müəllim bu qızları ürəyi istəyəndə döyür, bəzən atıb gedir, bəzən isə onları qarşısına qoyub danlayır. İbrahim müəllim bu kimi filmlərdə akademik sənəti məsxərəyə qoyur, öz aləmində yüksək sənəti təhqir edir. O, bu filmlərdə göstərir ki, əsl dad, əsl həyat düzlük, dürüstlük aşağılardadır. Sizin yuxarıdan aşağı baxdığınız adamlar sizdən daha səmimidirlər. Siz isə ikiüzlüsünüz. Ola bilsin ki, bu doğurdan da belədir. Lakin yuxarıların ikili standartları aşağıların kobudluğuna haqq qazandırmır.
İbrahim bəy bir cəngavər kimi yuxarı sinifdən yüzminlərin, milyonların qisasını alırdı. Yuxarı sinifə mənsub bir qızın yük maşını sürücüsünə vurulması yüz minlərin, milyonların arzusu idi. O öz filmlərində milyonların arzusunu reallaşdırırdı. Milyonların ürəyindən keçənləri filmlərdə həyata keçirirdi. Ərdoğanın da bir siyasətçi kimi polpulyarlıq qazanması təxminən aşağı-yuxarı buna bənzəyir. Erdoğan türk siyasətinin İbrahim Tatlısesidir.
"Kurtlar vadisi” serialının da bu qədər populyarlıq qazanmasının səbəbi budur. Polad Alemdar milyonların arzusunu "Kurtlar vadisi” serialında həyata keçirir. Yüz minlərlə insanın bu seriala baxdıqda fantaziyaları ifrat dərəcədə qıcıqlanır. Özlərini və reallıq hissini itirən bu adamlar istər-istəməz həyatda da rola girməli olurlar. Davranışları, hərəkətləri dəyişir. Serial qəhrəmanlarını yamsılayırlar. Bəziləri birbaşa. Geyimlə, hərəkətlərlə, davranışla... bəziləri də yazılarda polad alemdarlıq edirler. Hələ nə qədər çayxana polad alemdarları var. Qərb alimlərini səhv çıxarırlar. Az düşünüb, çox danışırlar.
Viktor Hüqonun çox sevdiyim bir sözü var. Deyir ki, arzuda iradə yoxdur. Yəni sən bir insanı tanımaq istəyirsənsə, onun arzularını öyrən. O, arzularını söylədiyi zaman özünü buraxacaq. İradə nümayiş etdirə bilməyəcək. Maşınına möxtəlif heyvanların səsini qoyub, siqnalla oynayan, ömründə iki kitab oxumayan, oxuyub da başa düşməyən adamlar bəs nəyə baxmalıdırlar? Hər kəs öz səviyyəsini nümayiş etdirir. Siqnalla oynayan adamlar "Kurtlar vadisi”nə də baxmayıb bəs nəyə baxsınlar? Oturub Kurasavanın filmlərinə baxası deyillər ki?
Bir dəfə rayonda bir adam gördüm. Qara kostyum geyinmişdi. Qara eynək taxmışdı. Hərəkətləri qəribə təsir bağışladı. Soruşdum bu adam kimdir, nəçidir, niyə belə yeriyir, ona nə olub, nə baş verir burda? Dedilər ki, bu adam müstəntiqdir. İşdən çıxan kimi gedib, paltarını dəyişir. Qara kostyum geyinir. Gözünə qara eynək taxır. Özünü "Kurtlar vadisi”ndəki aktyorlara bənzədir. Özü də adamlara deyir ki, ona öz adıyla müraciət etməsinlər. Ona ləqəblə müraciət etsinlər. Ləqəb də təbii ki, "Kurtlar vadisi” serialından götürülüb. Belə adamlar ölkəmizdə çoxdur. Həddsiz dərəcədə çoxdur. Özləri özlərini kinoya çəkirlər.
Bir icra hakimi var. Yaxından tanıyanlar and içirlər ki, o da özünü Çakır kimi aparır. İndi görün, onun idarə etdiyi rayon nə gündədir? Burda məşhur bir sözün nə qədər həqiqətə uyğun olduğunu görürük. Bəli, doğurdan da, uşaqlar oynamırlar. Oynayan böyüklərdir. Onlara nə lazımdır? Heç nə. Əyninə bir forma geyindir, əlinə də bir "ratsiya” ver, özu-özüylə oynasın. Gəlib-gedənə mane olsunlar. Özlərini kinoya çəkmək şansını əldən buraxmazlar.
Mia.az