|
Hüseynbala Səlimov
Xronologiya həvəskarı deyiləm. Amma bəzən elə olur ki, adi bir xronologiya adamı hansısa fikrə yönəldir. Bu baxımdan bu həftə birinci Pyotrun ölümündən 290 il keçməsi haqda xəbər mənə maraqlı göründü. Bəli, mən başa düşürəm, Pyotru da yaxşı bilirəm, hansı yuvanın quşu olmasından da xəbərim var, ona qarşı olan münasibəti, onun türklərə və Türkiyəyə münasibətini də gözəl dərk edirəm... Amma hər dəfə V.Putindən, bu adamın siyasətindən söhbət düşəndə yadıma ilk növbədə birinci Pyotr düşür. Putinin siyasəti isə göz önündədir - Rusiyadakı proseslər, hətta bu ölkədən geri dönən minlərlə azərbaycanlı bir tərəfə, Azərbaycanın özündə belə böyük layihələr təxirə salınır, büdcə ilə bağlı narahatlıqlar yaşanır. Bəs birinci Pyotrun bura nə dəxli var? A.Puşkin deyirdi ki, Pyotr Avropaya pəncərə açdı, Avropanı ruslar üçün kəşf etdi... Mən də soruşuram ki, bəs Putin nə etdi? Bu pəncərəni örtdü, təkcə öz ölkəsinin deyil, digər ölkərlərin də Avropaya yolunun üstündə bir sipər oldu... Artıq biz uşaq deyilik. Bu sətirlərin müəllifinin yaşı əllini keçib. Bu illər ərzində nə etdiyimi soruşsanız, qısaca cavab verərdim: demokratiyanı, Qərb dəyərlərini təbliğ etmişəm. Ona görə də Avropa dəyərlərinə, həyat tərzinə önəm verən istənilən tarixi şəxsiyyətə simpatiyam var. Onların içində adi siyasi xadimlər də olub, böyük dövlət başçıları, hətta hökmdarlar da... “Rusiyanı ağılla dərk etmək, arşınla ölçmək mümkün deyil” deyən rus şairindən fərqli olaraq hökmdar Pyotr Rusiyanı dərk etməyə çalışdı, hətta o qədər çalışdı ki, əlinə qayçı götürüb rus boyarlarının saqqalını kəsdi... Sonradan onu çox qınayacaqdılar. Çox deyəcəkdilər ki, bu adam Rusiyanı öz kökündən ayırdı. Amma mən təsəvvür belə etmirəm ki, Pyotrsız Rusiya necə ola bilərdi? İndi Putin bunu bizə əyani şəkildə göstərmək istəyir. Amma nə alınır? Rusların öz dililə desək, Rusiya Şimali Koreya kimi bir dövlətə çevrilir. Bunu da sakit qəbul etmək olardı, əgər Rusiya digər ölkələrin qarşısnda maneə olmasaydı... A.Blokun bir şeri var. Şair guya üzünü Avropaya tutaraq deyir ki, yüz illər ərzində biz sizin üçün sipər olmuşuq, sizi Asiyanın həmlələrindən, hücumlarından qorumuşuq... Mən indi böyük rus şairi ilə polemikaya girmək niyyətində deyiləm. Əvvəllər bu mövzuda – Rusiyada “slavyanofillər”lə “qərbçi”lərin üç əsrlik mücadiləsindən çox yazmışam. İndi bunu təkrar etməyə elə bir ehtiyac yox. Bəs onda bunları niyə deyirəm? Mən Putini başa düşmək istəyirəm, onun hansı ictimai-siyasi cərəyana yaxın olmasını aydınlaşdırmağa çalışıram... Gəl, bir nəticə hasil edə bilmirəm... Birinci Pyotr çar idi. Elə Putin də çardır. Boş söhbətdir, Rusiyada heç vaxt prezident olmayıb. Hətta belə bir fakt da adamı çaşdıra bilməz ki, son illərdə bu ölkəni nominal olaraq prezident adlanan çarlar idarə edib... Pyotr Avropanın önəmini başa düşdü. O anladı ki, Avropa dəyərlərinə, Avropa elminə yiyələnməsə, onun patriarxal provaslav ölkəsi həmişə yerində sayacaq. V.Putini hərəkətə gətirən psixoloji motivləri isə dərk etmək iqtidarında deyiləm. Bircə ağlıma gələn odur ki, hələ Z.Freyd deyirdi ki, insanın davranışı uşaqlıqdakı təcrübəsindən asılıdır. Bu mənada bəlkə də Putin öz uşaqlıq təəssüratının - SSRİ-də keçən uşaqlıq təəssüratının təsirindən ayrıla bilmir... Səmimi şəkildə deyəcəm, bu adamın, bəli, bu siyasətçinin sosial-psixoloji portreti məni çox maraqlandırır, hətta çalışıram ki, “Edip kompleksi” baxımından bunu dərk edim. Amma elmi psixologiyadan uzaq bir adam kimi bu mənim üçün elə də asan iş deyil, bunu proffesional psixoloqlar edə bilər, mən bunu etməkdə acizəm. Amma bir müşahidəmi sizinlə bölüşmək istərdim. Z.Freyd yox, E.Fromm fərdin və cəmiyyətin daim ana bətninə (cəmiyyət üçün ana rolunu təbiət oynayır) can atmasından, daim öz uşaqlığına qayıtmaq istəməsindən yazır... Bu aspektdən yanaşanda V.Putin də öz uşaqlıq dövrünə - SSRİ-yə can atır. Ola bilsin ki, o quruluş onun uşaqlıq dövründə digərləri ilə müqayisədə daha çox rol oynayıb, ola bilsin ki, sovet quruluşunun təsiri onda güclü uşaqlıq təəssüratı yaradıb... Əgər bir ehtimal - bu adamın uşaq evində böyüməsi haqda deyilənlər doğru olsa, bunu başa düşmək müəyyən qədər, qismən asanlaşar - ola bilsin ki, SSRİ onun həyatında sözün əsl mənasında “ana” rolunu oynayıb... Amma biz bilmirik bu ehtimal nə qədər doğrudur... Ona görə də bizə sadəcə, suala sualla cavab vermək qalır: “Sən bizi hara sürükləmək istəyirsən, Putin?..”