|
Mehman Əliyev: «2015-ci il idarə olunan demokratiya mərhələsidir»
Mayın 3-ü “Ümumdünya Mətbuat Azadlığı Günü”dür. Azərbaycan bu günü həbsdə olan jurnalistləri, müstəqil və müxalif mətbuatın ağır iqtisadi çətinliklər içində çabalaması ilə qeyd edir. “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev “Azadlıq” Radiosuna müsahibəsində belə deyir:
“Azərbaycan mediasında bayram əhval-ruhiyyəsi çoxdandır yoxdur. Dəqiq desəm, 1999-cu ildən. 1999-cu ildən mətbuat öz azadlığı uğrunda ölüm-dirim mübarizəsi aparır. Mətbuatın əksər hissəsi hakimiyyətin nəzarətindədir. Əsas maliyyələşməni hakimiyyət edir, cüzi hissəni KIV-ə Dövlət Dəstəyi Fondu. Aysberqin alt hissəsi hamısı qeyri-leqal vəsaitlərdir. Mətbuat iqtisadi azadlığını itirəndən sonra yaradıcı azadlığını da itirir. Faktiki olaraq ictimai nəzarət funksiyasını da itirir. Bu real durumdur. Hakimiyyətin nəzarətində olan media hakimiyyətin baxışlarını cürbəcür sahələrdə cəmiyyətə çatdırır. Bu gün mətbuat daha çox dezinformasiya ilə məşğuldur. Bu fəaliyyət KIV haqqında qanuna, Azərbaycan jurnalistinin peşə əxlaqi kodeksinə də ziddir.ÿVəziyyət bundan qabaq da pisləşmişdi. Ancaq indi daha da pisləşib. Azərbaycan mediasında obyektivlik, həqiqət prinsipi, plürailizm, balans kimi məsələlər xeyli pozulub. Televiziya kanallarında bu, açıq, çılpaq şəkildə görünür. Internet portallarında, çap mediasında da belədir. Bax, Azərbaycan mediasında bu cür acınacaqlı vəziyyət yaranıb. Çox dəhşətli bir vəziyyətdir”.
“Vaxtilə hakimiyyətə təklif etmişdik ki...”
- Mehman bəy, neçə illərdir Azərbaycanda həbsxanalar jurnalistlərsiz qalmır. Hakimiyyət nümayəndələri isə deyir ki, həbsdə olan jurnalistlər öz peşə fəaliyyətlərinə görə tutulmayıblar.
- Əvvəllər jurnalistlər diffamasiyaya görə həbs olunurdu. Beynəlxalq qurumlar - ilk növbədə ATƏT diffamasiya məsələsini dəfələrlə gündəmə gətirdi. Bu təpkilərdən sonra “Diffamasiya haqqında qanun”u qəbul eləməmək üçün hakimiyyət xuliqanlıq, narkotik tipli ittihamlarla jurnalistləri həbs eləməyə başladı. Əsassız ittihamlarla bağlı məhkəmələr də qanunazidd qərarlar çıxardı. Bu faktdır. Bir məsələ də vardı. Vaxtilə biz hakimiyyətə təklif edirdik ki, hər hansı bir jurnalist həbs olunanda Mətbuat Şurasının üzvləri, media nümayəndələri bu prosesdə iştirak etsin. Bununla da dəqiq bilinərdi ki, həbs olunan jurnalist peşə fəaliyyətinə görə həbs olunub, yoxsa həqiqətən cinayət törədib. Burda müəyyən şəffaflıq tələb olunurdu. Hər dəfə jurnalistlər müəmmalı bir vəziyyətdə həbs olunur. Ona görə də hakimiyyətin bu tipli ifadələri, bəyanatlarıÿdüzgün deyil. Jurnalistlər daha çox peşə fəaliyyətlərinə görə həbs edilib.
“Hakimiyyət lə danışıq aparmaq çətindir...”
- Müzakirələr demişkən, bir neçə il əvvələ qədər siz də daxil olmaqla media liderləri mətbuatın problemlərini hakimiyyət nümayəndələri ilə də müzakirəyə çıxarırdı. Indi necə, bu cür müzakirələrə ehtiyac duyulurmu? Gündəlikdə belə bir plan varmı?
- Yox, yoxdur. Çünki jurnalist təbəqəsi yox dərəcəsindədir. Martın 3-də Elmar Hüseynovun qəbrinin üstünə gedəndə, demək olar, heç kəs yox idi. Özü də Elmarın qətlinin 10 illiyi idi. Heç kəs yox idi, mən əvvəl mübarizə aparan jurnalistikanı nəzərdə tuturam. “Azadlıq” qəzetindən vardı, bir də bir neçə nəfər jurnalist. Ancaq bütövlükdə media orada yox idi. O media ki, Elmarın öldürüldüyü gün Beynəlxalq Mətbuat Mərkəzinin zalında kütləvi şəkildə yığışıb etiraz edirdi. Artıq 10 ildən sonra tamam başqa bir mənzərədir. Ikincisi, hökumətlə dəfələrlə və kifayət qədər danışqlar aparılıb. Hökumətə kifayət qədər çoxlu konstruktiv təkliflər verilib. Məsələn, Mətbuat Şurasının yaradılmasını biz təklif etmişdik. Bu şuranı yaratmaqla hakimiyyət, media, cəmiyyət arasında əlaqə nəzərdə tutulurdu. Amma hakimiyyət bunu tamam başqa bir şeyə çevirdi. Ona görə də hakimiyyətlə danışıq aparmaq çox çətindir. Hakimiyyət hər dəfə bizi aldadırdı. Danışıqlar gedirdi, ancaq sonra yenə öz siyasətini davam etdirirdi. Bəyanatlardan da, həbs olan jurnalistlərin taleyindən də görünür ki, hakimiyyət bu tipli dialoqu aparmağa hazır deyil. Hakimiyyətin azad cəmiyyət, azad mətbuat, normal siyasi sistemin qurulmasında maraqları yoxdur.
“Elmarın qətlinin üstü açılıb...”
- Siz Elmar Hüseynovun qətlinin üstünün açılacağına inanırsınız?
- Mən bu qətlin üstünün açılacağına inanıram. Elmarın qətlinin 10 illiyinə bir yazı yazmışdım. O yazıda da qeyd eləmişdim ki, vaxtilə Türkiyədən dəvət olunmuş təhqiqat qrupu bildirmişdi ki, onlar cinayəti açıblar. Sifarişçilərin də adlarını hakimiyyətə çatdırıblar. Ondan sonra xahiş etdilər ki, onlar ölkədən çıxsınlar. Türkiyənin, ABŞ-ın xəbəri var, hakimiyyətin də xəbəri var. Deməli, bu müvəqqəti vəziyyətdir. Deməli, vaxt gələcək, bu açılacaq. Açılması qaçılmaz olacaq.
- Bunun üçün hansı şərait olmalıdır?
- Əlbəttə, indi avtoritar sistem var. Mən deyərdim nəinki avtoritar, totalitarizmə yaxın olan sistemdir. Bu sistemin dəyişməsi, yeni münasibətlərin yaranması ona gətirib çıxaracaq ki, bu iş açılacaq. Necə ki, Ukraynada Georgi Qonqadzenin qətlinin üstü açıldı. Həmişə sistem, vəziyyət, münasibətlər dəyişəndə istər-istəməz qapalı məsələlər hamısı üzə çııxır. Bunları gizlətmək mümkün deyil.ÿ
“Vaxt çatır, islahatlar qaçılmazdır...”
- Mehman bəy, siz jurnalistlər arasında da, ictimai qurumlar arasında da həm də nikbin bir insan kimi tanınırsınız. Həmişə ölkədə demokratikləşmənin, media azadlığının, insan haqlarının inkişafı ilə bağlı irəliləyişin olacağından çox nikbin danışırsınız.
- Deməzdim, mənim ümidim var ki, sabah prezident çıxacaq, yeni bir siyasi iradə ortaya qoyacaq. Iqtisadi problemlər, yaranan maliyyə çətinliklərinin hakimiyyəti islahatlara getməyə məcbur edəcəyini gözləyirdim. Çünki başqa yol yoxdur. Iqtisadi problemləri aradan qaldırmaq üçün islahatlara getmək lazımdır. Bizm də neft resursumuz tükənib, bu ciddi problemə çevrilir. Inanıram ki, bu qaçılmaz olur. Iqtisadi islahatlar məhkəmə islahatını, müəyyən azadlıqları, siyasi islahatları tələb edəcək. Bunlar zəncirvari məsələlərdir. Bu məsələnin bir tərəfidir. Ikinci tərəfdən, öhdəliklər məsələsi var. Beynəlxalq təpkilər, beynəlxalq maraqlar məsələsi var. Məsələn, mən görürdüm ki, bu il Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı Azərbaycan yeni saziş imzalayacaq. O sazişin adı strateji modernləşmədir. Modernləşmə nədir? Həmin dəyişikliklər, yuxarıdan inqilab. Yəni hakimiyyət öz iradəsi ilə belə islahatlar aparmalıdır. Bu bir öhdəlik olacaq. Məsələn, bunun bir yol xəritəsi ortaya qoyulmalıdır. Sonra bu Avropa Oyunları. Bundan istifadə olunacaq. Azərbaycanın öhdəlik götürdüyü beynəlxalq qurumlar bu yarışlardan istifadə edib hakimiyyətə təsir edəcək. Qarşıda parlament seçkiləri gəlir. Noyabrda Böyük 20-lərin toplantısı var. Bu çox məsuliyyətli bir toplantıdır. Ilham Əliyev də ora dəvət olunub, dəvəti qəbul edib. Bunlar hamısı görünür və başa düşülür ki, vaxt çatır. Islahatlar qaçılmazdır.
“2015-ci il: Idarə olunan demokratiya mərhələsi”
- Mehman bəy, necə bilirsiniz, neçə ildən sonra Azərbaycanda həbsxanalarda jurnlistlər olmayacaq, media tamamilə azad olacaq?
- Demirəm ki, bu lap tez olacaq. Ancaq biri var ÿböhrana girmək, biri var böhranda olmaq. Indi böhrandır, biz bundan çıxmağa başlayırıq. Mən demişdim ki, 2015-ci il idarə olunan demokratiya mərhələsidir. Yəni mən inanmıram ki, azad seçkilər olacaq. Ancaq sövdələşməylə, deyək ki, müxalifətə müəyyən yerlər veriləcək. Söhbət yerlərdən getmir, müəyyən proqramın ortalığa qoyulması, islahatların aparılması, yaxın 3-4 ilə Azərbaycanda iqtisadi-siyasi palitranın dəyişməsindən gedir. Bütövlükdə plan ortalığa qoyulacaq. Bu plan çərçivəsində biz demokratiyaya keçidə başlayacağıq. Bu keçid inqilabi yox, idarə olunan formada gedəcək. Hesab edirəm, bir neçə il vaxt çəkəcək ki, biz start vəziyyətə çıxaq ki, azad seçkilər keçirilsin. Hər şey ondan başlayır.